12px14px16px18px

Hesablama Palatasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

12:04 / 07.04.2012
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) Monitorinq Komitəsinin nümayəndə heyəti ilə Hesablama Palatasının sədri H.Əsədov arasında görüş keçirilib. Hesablama Palatasından verilən məlumata görə, bu Komitə Avropa Şurasına üzv ölkələrdə yerli və regional demokratiyaya dair hesabatlar hazırlamaqla yanaşı, AYRHK-ın müvafiq tövsiyələrinə əməl olunmasının monitorinqini həyata keçirir.
Qonaqlar AYRHK-ın Azərbaycanda yerli və regional demokratiya üzrə 2003-cü ildə qəbul edilən tövsiyəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ölkəmizdə aparılan məqsədyönlü işləri məmnunluqla qeyd ediblər. Eyni zamanda, Komitə təmsilçiləri yerli hakimiyyətin iki orqandan-bələdiyyələr və icra nümayəndələrindən ibarət olmasından doğan paralellik, özünüidarə orqanlarının maliyyə bazasının möhkəmləndirilməsi, yerli büdcələrin formalaşdırılması mənbələri, onlardan istifadənin səmərəliliyinin artırılması və bələdiyyələrin funksiyalarının getdikcə daha da genişləndirilməsi ilə əlaqədar Konqresin tövsiyələrinin yerinə yetirilməsi sahəsində əlavə tədbirlərin görülməsi barədə mövqelərini bildiriblər.
H.Əsədov yerli və regional demokratiyanın inkişafı, habelə “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının prinsip və meyarlarına uyğun olaraq, bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, yaradılan qanunvericilik bazası, yerli büdcələrin icrasına nəzarət mexanizmləri, dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə nəzarət sahəsində Hesablama Palatasının vəzifə və səlahiyyətləri və digər məsələlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib. O, habelə Azərbaycanda yerli özünüidarə orqanlarının potensialının artırılması, xüsusilə bələdiyyələrin maliyyə bazasının gücləndirilməsi üçün ilk növbədə mövcud imkanların dəyərləndirilməsi zərurəti ilə bağlı təkliflərini qonaqların nəzərinə çatdırıb.
AYRHK-ın nümayəndə heyətinin rəhbəri cənab Y.Vinen Palata sədrinin təklif və fikirlərini yüksək qiymətləndirərək yerli özünüidarə orqanlarının maliyyə təminatının möhkəmləndirilməsində ölkənin ali audit qurumu kimi Hesablama Palatası ilə əməkdaşlığın bundan sonra da davam etdirmək niyyətində olduğunu deyib.
BƏXTİYAR



Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar