12px14px16px18px

Azərbaycan bazarında təhlükəli duzlar

EYYUB HÜSEYNOV: “QƏND SEXLƏRİNDƏ İNSAN HƏYATI ÜÇÜN ZƏRƏRLİ OLAN “SODİUM HİDROGEN”dən İSTİFADƏ OLUNUR”

12:20 / 06.04.2012
Dünən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə aşkar edilən yeni təhlükəli Buta duz gölü və təhlükəli şəraitdə hazırlanan qənd məmulatları ilə bağlı mətbuat konfransı keçirib. 2001-ci ildə ölkə əhalisinin 75 faizdən çoxunun yod defisitindən əziyyət çəkdiyini deyən QHT sədri bildirib ki, hazırda aparılan tədbirlər nəticəsində bu sahədə xeyli irəliləyiş əldə edilib: “Amma təəssüflər olsun ki, bu məsələ 100 faiz həllini tapmır. 2001-ci ildən bu vaxta qədər aparılan tədbirlər nəticəsində ölkədə yod defisitini 75 faizdən 15 faizə endirmişik. Lakin bu da qənaətbəxş deyil. Hazırda Azərbaycan əhalisinin 15 faizi yod xəstəliyindən əziyyət çəkir. Yodsuz duzdan istifadə bir çox ağır fəsadlar əmələ gətirir. İnsan orqanizmində zob xəstəliyi, qulaqlarda karlaşma, uşaq orqanizmində müxtəlif ağır fəsadlar və ən əsası uşaqların ölü doğulması, məhz yodsuz duzdan istifadənin nəticəsidir. Bunun qarşısını almaq üçün kifayət qədər tədbirlər keçirsək də, ölkədə 100 faiz yodlu duzdan istifadəyə nail ola bilməmişik. Bu məsələdə aidiyyəti dövlət qurumlarının da günahı az deyil. Azərbaycanda yodsuz duzların satışına şərait yaradılır, hətta bu cür duzların xaricdən ölkə ərazisinə keçirilməsinə imkan verirlər. Biz dəfələrlə bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər etmişik. Lakin hələ bununla bağlı lazımi tədbirlər görülmür. Hətta Azərbaycandan iqtisadi cəhətdən qat-qat aşağı olan Ermənistanda yodsuz duz probleminə son qoyulub. Amma Azərbaycanda bunun qarşısını almaq mümkün olmayıb”.
E.Hüseynovun sözlərinə görə, bir müddət əvvəl Masazırdakı duz gölündən yodsuz duzun daşınmasının qarşısı alınsa da, indi digər ərazidə bu cür təhlükəli duzların satışı başlanıb: “Masazırdakı duz gölündən çıxarılan duzların tərkibində olduqca ağır maddələr var. Bu duzların birbaşa satışa çıxarılması həddindən artıq təhlükəli idi. “Azərsun Holdinq”” həmin ərazidə duz zavodu tikəndən sonra bu göldən yodsuz duzun çıxarılmasının qarşısı alındı. İndi həmin zavod göldən çıxarılan duzu tam təmizləyib yodlaşdırdıqdan sonra satışa çıxarır. Amma bizim araşdırmalarımız zamanı Qaradağ rayonu ərazisindəki Buta duz gölündən təhlükəli duzların daşındığını aşkar etmişik. Bu göldən gün ərzində 10 tondan artıq duz çıxarılır və tərkibi ağır və təhlükəli metallardan ibarət olan həmin duzlar çörək sexlərinə və digər obyektlərə istifadə üçün daşınır. Ən dəhşətlisi odur ki, bu duzdan hətta ölkədəki tanınmış, nəhəng süd zavodlarında da istifadə olunur. Hazırda bununla bağlı araşdırma aparırıq və yaxın vaxtlarda Azad İstehlakçılar Birliyi həmin müəssisələrin adlarını açıqlayacaq”.
Azərbaycanda 3 duz istehsal edən duz müəssisəsi olduğunu deyən E.Hüseynov bildirib ki, onlardan ikisinin istehsal etdikləri məhsulların tərkibi tam təmiz deyil. Onun dediyinə görə, bu müəssisələrdə duz yodlaşdırılaraq satışa çıxarılır, lakin duzun tərkibi ağır metallardan təmizlənmir: “Buna görə də, bu müəssisələr “Azərduz” Zavodu ilə müqavilə bağlamalı və məhsul həmin müəssisədə təmizlənəndən sonra alınıb istehsal olunmalıdır.
E.Hüseynov həmçinin qeyd edib ki, hazırda Azərbaycanda qənd istehsalında da problemlər var: “Ayrı-ayrı sexlərdə hazırlanan qəndlərin tərkibinə müxtəlif maddələr əlavə olunur ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Hazırda qənd istehsal edən sexlərdə qəndin tərkibinə insan həyatı üçün təhlükəli olan “Sodium hidrogen” adlı kimyəvi maddələr əlavə olunur. Bu maddə qəndin rəngini ağartmaq üçün istifadə olunsa da, insan həyatı üçün təhlükə yaradır. Bununla bağlı tərəfimizdən araşdırmalar aparılır və əldə olunan nəticələr ictimaiyyətə açıqlanacaq”.
BƏXTİYAR







Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar