12px14px16px18px

“Araz” radiosu bir yaşını qeyd etdi

12:16 / 06.04.2012
“Araz” radiosu “Gülüstan” sarayında bir yaşının tamam olması münasibətilə hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, sənət adamlarının, ölkənin digər radiolarının tanınmış aparıcılarının və KİV təmsilçilərinin iştirakı təntənəli mərasim keçirib.
Yaradıcı kollektivi ilk öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli təbrik edib. MTRŞ sədri hər gün səhər saat 10.00-dan axşam saat 22.00-dək yayımlanan radionun fəaliyyəti, qazandığı uğurlar barədə məlumat verib. N.Məhərrəmli qeyd edib ki, radiolar Azərbaycan dilinin inkişafında, milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin qorunmasında böyük rol oynayırlar və “Araz” radiosunun da bu vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli bir yaşını qeyd edən “Araz”ın kollektivini təbrik edib, radionun bir-birindən maraqlı verilişlər ilə dinləyicilərin rəğbətini qazandığını bildirib. C.Məmmədli qısa vaxt ərzində 103.3 FM-in yeni rubrikalar, maraqlı verilişlərlə böyük dinləyici auditoriyası qazandığını deyib.
Mərasimdə çıxış edənlər 90 faizi informasiya yüklü olan radionun bir illik fəaliyyəti ərzində dünyada və Azərbaycanda baş verən ən son siyasi, iqtisadi, sosial, idman, mədəniyyət xəbərləri ilə dinləyiciləri məlumatlandırdığını bildiriblər. “Araz” dalğasında maarifçilik, elmi-kütləvi və əyləncəli layihələrin də təqdim edildiyi, “Azad xəbər”, “Yolda ikən”, “Sözün düzü”, “Yurdum” və digər verilişlərin səsləndirildiyi diqqətə çatdırılıb.
Yarandığı ilk vaxtlarda yalnız Bakı və Abşeron yarımadasında yayımlanan “Araz” radiosu artıq bütün Azərbaycanı əhatə edir.
Tədbirin bədii hissəsində bir-birindən gözəl ifaları ilə radionun yaşını qeyd edən incəsənət ustaları bura toplaşan insanlara xoş anlar yaşadıblar.
Tədbirin yekununda Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov radionun yaradıcı heyətinə bundan sonrakı işlərində müvəffəqiyyətlər arzulayıb. “Araz” radiosunun informasiya məkanında özünəməxsus yer tutduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, radio bundan sonra da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, azərbaycançılıq ideologiyasının təbliğində imkanlarından maksimum istifadə edəcək.
BƏXTİYAR






Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar