12px14px16px18px

Magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

13:50 / 05.04.2012
Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrlik, yüksək təzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi 3-cü yaşayış massivi X.Məlikaslanov küçəsi 19 ünvanından keçən hissəsində qəza baş verib. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, su sızıntısı qəsəbə sakini İlqar Şirinova məxsus fərdi yaşayış evinin altında yaranıb. Qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının əməkdaşları əraziyə baxış keçirib. İlkin baxış zamanı məlum olub ki, İ.Şirinova məxsus yaşayış evi 2000-ci illərin ortalarında 1200 mm diametrlik, yüksək təzyiqli magistral su kəmərinin üzərində qeyri-qanuni inşa edilib və heç bir hüquqi sənədi yoxdur. Qəzanın fəsadlarının aradan qaldırılması üçün İ.Şirinova məxsus evin mətbəxinin döşəməsi sökülüb və bundan sonra borunun qəzalı yeri müəyyənləşdirilib. Magistral kəmərin üzərində qeyri-qanuni tikilən fərdi yaşayış evi qəzanın aradan qaldırılmasına çətinlik törədib.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq kommunal infarstruktur obyektlərinin, xüsusi ilə magistral və məhəllədaxili su kəmərlərinin yerləşdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi halları baş verib. “Azərsu” ASC-nin apardığı araşdırmalara görə, təkcə Bakı şəhərində belə mənzil və obyektlərin sayı minlərlədir. Mühafizə zonasındakı tikililər xətlərdə profilaktika işlərinin aparılmasına imkan vermir, baş verən qəzaların aradan qaldırılmasını çətinləşdirir.
“Azərsu” ASC bir daha bəyan edir ki, fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.
BƏXTİYAR





Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar