12px14px16px18px

Əmanətlərin qaytarılması ilə bağlı yaradılan Xüsusi Komissiyanın tərkibi açıqlanıb

07:32 / 04.04.2012  
Sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı Azərbaycan Maliyyə Nazirliyinin nəzdində yaradılan Xüsusi Komissiyanın fəaliyyət qaydaları açıqlanıb. Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalarda Xüsusi Komissiyaya müraciət edilməsi və mübahisələrə baxılması, ümumi nəzarət və komissiyanın fəaliyyəti ilə bağlı məsələlər əksini tapıb. Qərarda bildirilir ki, Xüsusi Komissiya üzvlərinin azı 2/3-si iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik olur. Xüsusi Komissiyanın iclaslarında bankın nümayəndələri səsvermə hüququna malik olmadan iştirak edirlər. Komissiya daxil olan müraciətləri ən gec 10 iş günü ərzində araşdırır. Xüsusi araşdırma tələb olunan suallar yarandıqda Komissiya müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir, müvafiq dövlət orqanlarına sorğu verir və təqdim olunmuş sənədləri rəy (ekspertiza rəyi) verilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərir. Müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, aidiyyəti dövlət orqanlarından rəy (ekspertiza rəyi) almaq, əlavə sənədlər tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda, araşdırmanın müddəti daha 10 gün uzadılır. Həmçinin, Komissiyanın qəbul etdiyi qərarlar barədə əmanətçiyə və banka 3 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar bank üçün məcburidir. Əmanətçi Komissiyanın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qaydanın ümumi nəzarət bölməsinə gəldikdə isə burada qeyd olunub ki, Komissiya birdəfəlik ödəmələrin verilməsi işinə ümumi nəzarətin həyata keçirilməsi üçün bu işin təşkili vəziyyəti ilə yerində tanış olmaq, banka və ya onun filiallarına gedərək müşahidələr aparmaq, əmanətçilərin rəyinin öyrənilməsi üçün sorğular keçirmək və bu işlərlə bağlı müvafiq tapşırıqlar vermək hüququna malikdir. Bank isə hər növbəti ayın 5-dən gec olmayaraq, birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə məlumatı Xüsusi Komissiyaya təqdim edir. Bu məlumatda əmanətçilərin adları və ödənilmiş məbləğlər filiallar üzrə xronoloji ardıcıllıqla verilir. Xüsusi Komissiya isə bu məlumatları ümumiləşdirərək, hər növbəti ayın 10-dək Maliyyə Nazirliyinə təqdim edir. Komissiya fəaliyyətini başa çatdırdıqdan sonra onun fəaliyyəti ilə bağlı sərəncamda olan sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Maliyyə Nazirliyinə təhvil verilir. Nazirlər Kabinetinin qərarında həmçinin Xüsusi Komissiyanın tərkibi müəyyən olunub. Komissiyanın sədri Razim Vəliyev (Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru), komissiyanın üzvləri Mirağa Abbasov (Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi), Seymur İsmayılov (Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin aparıcı məsləhətçisi), Şəmsəddin Sadıxov (Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin baş inspektoru), Faiq Qarayev (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş inspektoru), Faiq İsgəndərov (İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi), Maqsud Tağıyev (İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin məsləhətçisi), Samir Nəsibov (Maliyyə Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi), Natiq Rəsulov (Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi), Şahin Məmmədov (Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin daxili borcun uçotu və icmallaşdırılması şöbəsinin baş məsləhətçisi), Nizami İbrahimli (Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi), Babək Hüseynov (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsi müdirinin müavini), Elman Quliyev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin sektor müdiri), Asim Əsədov (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, mətbuat və informasiya xidməti departamentinin aparıcı məsləhətçisi) və Fikrət Məmmədov (Dövlət Sosial Müdafiə Fondunun aparatının sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsi müdirinin müavini) təyin olunub. Qərarda həmçinin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün “Kapital Bank” ASS tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Maliyyə Nazirliyinə ilkin olaraq 300 mln. manat məbləğində vəsait ayrılması da qeyd olunub.
BƏXTİYAR


Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar