12px14px16px18px

“Kommunal sektorda birtipli müqavilələrin bağlanması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib”

ƏLƏKBƏR AĞASIYEV: “ELEKTRİK ENERJİSİ İLƏ BAĞLI BİLDİRİŞLƏRİN VERİLMƏSİ QƏNAƏTBƏXŞ SƏVİYYƏYƏ ÇATIB”

13:02 / 31.03.2012
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və “Konstitusiya” Araşdırmalar Fondu Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqədi kommunal xidmət sektorunda müasir tərcübənin tətbiqi, istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azalması, şəffaflığın artırılmasına yardım göstərilməsidir. Dünən layihə çərçivəsində təchizatçı qurumlarla məişət abonentləri arasında birtipli müqavilələrin bağlanması vəziyyəti, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təchizatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər, bu sahədə informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması ilə bağlı məsələlərə həsr olunan dəyirmi masa keçirilib.
“Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimov “Kommunal sektorda hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, layihənin birinci mərhələsi ötən ilin fevral ayından dekabr ayınadək həyata keçirilib: “Layihənin ikinci hissəsində diqqət daha çox təchizatçı qurumlarla məişət abonentləri arasında birtipli müqavilələrin bağlanmasına, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təchizatı sahəsində də İKT-dən istifadə olunması ilə bağlı məsələlərə yönəldiləcək. Həmçinin, layihə çərçivəsində məişət abonentlərinə pulsuz hüquqi məsləhət göstərilməsi, maarifləndirilməsi ilə bağlı fəaliyyət də davam etdiriləcək. Layihənin müddətinin az olmasına baxmayaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və “Konstitusiya”Araşdırmalar Fondu bu istiqamətdə fəaliyyəti davam etdirəcək”.
Z.İbrahimov qeyd edib ki, 7 fevral 2011-ci ildən layihə çərçivəsində hazırlanmış www.istehlakci.az saytı və pulsuz hüquqi məsləhət xidməti fəaliyyət göstərir. Onun dediyinə görə, ötən ilin dekabrın sonlarında sayta 41000-dən çox istifadəçi daxil olub və 2012-ci ildə bu rəqəm 10000-dən çoxdur. Sayt qısa müddət ərzində populyarlıq qazanıb və kommunal xidmət istehlakçıları üçün əsas məlumat mənbəyinə çevrilib. Saytda yalnız layihə ilə bağlı deyil, ölkə mətbuatında kommunal sektorda baş verən hadisələr, yeniliklərlə bağlı məlumatlar, məqalələr, dövlət orqanlarının məlumatları yerləşdirilir. Həmçinin layihə çərçivəsində elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlar, bu məsələlərlə bağlı pulsuz hüquqi yardım xidməti təşkil olunub. Layihə ekspertləri onlara qanunvericiliyə müvafiq qaydada hansı addımların atılmalı olması barədə məsləhət verirlər. Ötən ilin fevralın 7-dən fəaliyyət göstərən bu xidmət vasitəsilə 500-dən artıq vətəndaşa hüquqi yardım göstərilib”.
Z.İbrahimov təchizatçı qurumlarla məişət abonentləri arasında birtipli müqavilələrin bağlanması ilə bağlı qeyd edib ki, bu məsələni daim diqqətdə saxlayırlar. O, bildirib ki, birtipli müqavilələrin bağlanması ilə təchizatçı qurumlara (Bakıelektrikşəbəkə” ASC, Azərsu, ASC “Azərenerji” ASC, “Azəriqaz” İB) informasiya sorğusu göndənilib və Nazirlər Kabinetinə müraciət edilib: “Göndərilən sorğulaya “Azərenerji” ASC-dən bildirilib ki, qurumun tabeçiliyində olan Regional Elektrik Şəbəkəsi MMC-ləri 1 232 645 məişət abonentinə xidmət göstərir. Bu abonentlərdən 1038019 abonentlə müqavilələrin bağlanması işləri davam etdirilir. “Azərsu” ASC ölkə üzrə 106956 əhali qrupu abunəçisinə xidmət göstərir. 01 yanvar 2012-ci ildə tarixə əhali qrupu abunəçilərinin təxminən 12 faizi ilə müqavilə bağlanıb. “Azəriqaz” İB-nin saytında bildirilir ki, “01.01.2012-ci il tarixinə “Azəriqaz” İB tərəfindən 1348778 əhali abonenti, 16578 digər istehlakçı qruplar təbii qaza təmin edilir və onlara müvafiq xidmətlər göstərilir. Amma nə qədər məişət abonenti ilə müqavilə bağlandığı barədə məlumat yoxdur”.
Xarakterik istehlakçı hüquqlarının pozulması hallarından danışan “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Ələkbər Ağasıyev qeyd edib ki, təchizatçı qurumlar tərəfindən məişət abonentlərinin maarifləndirilməsi sahəsində davamlı tədbirlərin görülməsinə çox böyük ehtiyac var: “Layihə çərçivəsində yaradılmış pulsuz hüquqi məsləhət xidmətinə müraciətlərin 40 faizdən çoxu sayğacların quraşdırılmasının pulsuz olub-olmaması, abunəçi kodunun alınması qaydası, ödənişin necə və hansı qaydada həyata keçirilməsi, hansı hallarda akt yazılması, nəzarətçilərin hüquqları, sərfiyyat normaları, abunə kodlarının alınması, təchizatçı qurumların “qaynar xətləri” ilə bağlı olub. Bu, bir daha göstərir ki, istehlakçıların böyük əksəriyyəti kommunal sektorla bağlı hüquqlarını bilmirlər. Eyni zamanda vətəndaşlar tərəfindən edilmiş müraciətlərin təhlili göstərir ki, məişət abonenitləri hər üç xidmət üzrə daha çox sayğacların quraşdırılması, yararsız vəziyyətdə olan sayğacların dəyişdirilməsi, vətəndaşlara istehlak etdikləri elektrik enerjisinin və təbii qazın dəyərindən artıq borc yazılması, borcların hesablanması ilə bağlı məsələlər, qeyri-yaşayış sahələrinə su verilməsi ilə bağlı sayğac qoyulması idarələrə vətəndaşların müraciətlərinə cavab verilməməsi ilə bağlı problemlərlə daha çox üzləşirlər”.
Bildirişlərin verilməsi ilə bağlı ekspert qeyd etdi ki, elektrik enerjisi ilə bağlı bildirişlərin verilməsi demək olar ki, qənaətbəxş səviyyəyə çatıb.
BƏXTİYAR



Bu yazı ( 174 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar