12px14px16px18px

Bakı qəsəbələrindən olan 17 sahibkara 257 min manat güzəştli kredit verilib

13:01 / 31.03.2012
Dünən Suraxanı rayonunun Bülbülə qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib. O, həmçinin yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini vurğulayıb və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 258 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin maliyyələşdirilməsinə 40,4 milyon manat güzəştli kredit verilib: “Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən illik istehsal gücü 10,7 min ton faraş tərəvəz məhsulları, 9,8 milyon ədəd dekorativ bitkilər olan 3 müasir istixana təsərrüfatı, illik istehsal gücü 46,1 min ton çörək olan 2 müasir çörək istehsalı müəssisəsi və illik istehsal gücü 2,6 min dəst mebel olan mebel fabriki artıq istifadəyə verilib. Ümumilikdə isə, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 502 investisiya layihəsinin maliyyələşdirilməsinə 49,5 milyon manat, o cümlədən respublikanın regionları üzrə 455 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat və Bakı qəsəbələri üzrə 47 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2183 yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
Tədbir çərçivəsində Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Bülbülə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli istixana təsərrüfatlarının, kiçik və orta həcmli zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib,həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi qeyd edilib və sahibkarlara metodiki materiallar paylanıb.
Yüzə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
BƏXTİYAR



Bu yazı ( 167 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar