12px14px16px18px

Tvinninq layihəsinin rəhbər komitəsi növbəti iclasını keçirib

13:00 / 31.03.2012
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqı ilə birgə icra olunan “Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi” üzrə Tvinninq layihəsinin rəhbər komitəsinin 3-cü iclası keçirilib.
İclasda layihənin fəaliyyətinə ümumi baxış keçirilib, xüsusən ötən ilin 3-cü rübündə layihənin icrası istiqamətində əldə edilmiş inkişafı əks etdirən təqdimat nümayiş olunub. Tədbir zamanı həmçinin ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması işlərinə cəlb olunmuş beynəlxalq ekspertlər tərəfindən gələcək planlar və layihə çərçivəsində nəzərdə tutulmuş növbəti addımlar barədə məlumatlar verilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri Layihənin icrası nəticəsində əldə edilmiş nailiyyətlər, xüsusən Əməyin Mühafizəsi üzrə Şura, təlim kursları, monitorinq sistemi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, Layihənin rəhbəri Elnur Sultanov layihənin icrası işlərinin müvafiq beynəlxalq qurumlar tərəfindən də bəyənildiyini qeyd edib. E.Sultanov həmçinin bildirib ki, məcburi əmək və uşaq əməyinin istismarı hallarının aşkar olunaraq aradan qaldırılması ilə bağlı xeyli sayda işlər həyata keçirib. O, buna baxmayaraq, belə halların aşkarlanması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini, uşaq əməyinin istismarı və məcburi əməyin aşkar olunması metodları ilə bağlı Avropa ekspertləri tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişlərinə təlimlər keçirilməsinin bu baxımdan faydalı ola biləcəyini vurğulayıb.
Layihənin direktoru Kristof Kasillas rüblük hesabatın keyfiyyətindən və layihə çərçivəsində görülən işlərdən məmnunluğunu ifadə edib.
İclasda layihənin 3-cü aralıq hesabatının ilkin versiyası müzakirə olunub.
BƏXTİYAR



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar