12px14px16px18px

Reklam və marketinq məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilib

13:27 / 30.03.2012
Dünən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə “Reklam mədəniyyəti-reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
“APA”nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın vacibliyini vurğulayaraq qeyd edib ki, iki gün davam edəcək tədbir çərçivəsində reklam işinin elmi nəzəriyyəsi və təcrübəsi müzakirə olunacaq. Onun sözlərinə görə, Azərbaycanda baş verən yenidənqurma, sosial-iqtisadi sıçrayış və hərtərəfli intibah reklam sahəsinin müasir əsaslarını formalaşdırmaqla yanaşı, reklamçılığın genişlənməsinə və təkmilləşməsinə geniş imkanlar açaraq səmərəli mühit yaradıb.
Nazir həmçinin qeyd edib ki, 2006-cı ildən etibarən Azərbaycanda reklam işinin təkmilləşdirilməsi üzrə xüsusi dövlət proqramı hazırlanır: “Proqram hələlik dövlət başçısı tərəfindən təsdiq olunmasa da, biz nazirlik daxilində işlərə başlamışıq. Azərbaycanda, o cümlədən Bakı şəhərində tarixi abidələrin adının qeydiyyatdan keçməsi, onların reklam brendlərinin adlarının dəqiq olması, tarixi binalara reklam yerləşdirilməsi kimi məsələlər nazirliyin müvafiq şöbəsi tərəfindən həyata keçirilir”.
Ə.Qarayev qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın təbliğatı dünyada öz yerini tutub: “Reklam məsələsində Azərbaycan öz təbliğatı ilə artıq sözünü deyib”.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib ki, avtomobil, bank və əmtəə sahələrində reklam bazarı daha yaxşı inkişaf edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 20-25 reklam şirkəti fəaliyyət göstərir: “Ölkədə reklam sahəsi ilə əlaqədar müvafiq qanunvericilik bazası yaradılıb və hazırda bu sahənin inkişafı üçün heç bir maneə yoxdur.
H.Atakişiyev qeyd edib ki, Tikinti sahəsində son illər müşahidə olunan aktiv reklamçılıq bir qədər azalıb”. O, ölkədə reklam sahəsindəki nöqsanları diqqətə çatdırıb: “Reklam şirkətlərinin əksəriyyəti gömrükdən və vergidən yayınmaq üçün gizli işləyirlər. Amma belə olmamalıdır. Çünki reklam ticarətin mühərrikidir”.
Qeyd edək ki, konfransa məruzəçi qismində 20 ölkədən reklam və marketinq mütəxəssisləri dəvət olunub. Tədbirdə Azərbaycanın reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan və Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik mütəxəssisləri iştirak edir. Konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, həmçinin mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi bir çox aktual məsələlər müzakirə ediləcək.
Tədbirin birinci günündə reklam və marketinqə dair məruzələr dinləniləcək, ikinci günü isə bu mövzularda ustad dərsləri keçiriləcək. Sonda yekun qətnamə qəbul ediləcək və iştirakçılara xüsusi diplomlar təqdim olunacaq.




Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar