12px14px16px18px

“Azərsu” Almaniyanın “p2mberlin GmbH” şirkəti ilə müqavilə imzalayıb

13:26 / 30.03.2012
Azərbaycan hökumətinin və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində tikinti işlərinə məsləhət xidmətinin göstərilməsi üçün şirkətin cəlb edilməsi məqsədilə keçirilmiş tenderin qalibi Almaniyanın “p2mberlin GmbH” şirkəti olub. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ASC ilə Almaniyanın “p2mberlin GmbH” şirkəti arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
İmzalanma mərasimində “Azərsu” ASC sədrinin sərmayələr və marketinq üzrə müavini İlqar Tağıyev Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək, bu sahədə beynəlxalq təşkilatlar və xarici şirkətlərlə geniş əməkdaşlıq edildiyini bildirib. “p2mberlin GmbH” şirkətinin icraçı direktoru Heiko Bohnhorst rəhbərlik etdiyi şirkətin məsləhət xidmətləri sahəsində böyük təcrübəsinin olduğunu vurğulayaraq, Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdən məmnun olduqlarını bildirib.
İmzalanan müqaviləyə əsasən məsləhətçi şirkət tikinti üzrə podrat təşkilatlarının işlərinə nəzarət edərək məsləhət xidmətləri göstərəcək. Layihələrin hazırlanması, qiymətləndirilməsi və icrasının düzgünlüyü, tenderlərin keçirilməsi, ödəniş və hesablaşma məsələlərində məsləhətçi şirkətin xidmətlərindən istifadə olunacaq.
Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.
BƏXTİYAR



Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar