12px14px16px18px

Şərur və Sədərək rayonlarında telekommunikasiya şəbəkəsi istifadəyə verilib

10:18 / 28.03.2012
Naxçıvanda Şərur rayon Rabitə İdarəsinin binası və “Yeni nəsil” telekommunikasiya şəbəkəsi istifadəyə verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilib. “Yeni nəsil” telekommunikasiya şəbəkəsi barədə məlumat verən nazir qeyd edib ki, Şərur və Sədərək rayonlarını əhatə edən bu sistem 15 min 904 abunəçi tutumlu 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarətdir: “Yeni sistem Şərur və Sədərək rayon sakinlərinə telefon xidmətlərindən əlavə genişzolaqlı internet, videotelefon, İP TV, müxtəlif data xidmətləri və çoxlu sayda servis xidmətləri göstərməyə imkan verəcək.
Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illərdə dünyada rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir: “Artıq iqtisadiyyatın elə bir sahəsi qalmayıb ki, orada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsin. Bu, informasiya kommunikasiya texnologiyalarının prioritet edilməsini şərtləndirən vacib amillərdir. Həmçinin, bu siyasət ölkəmizdə informasiya cəmiyyətinin inkişaf etməsinə, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə səbəb olub. Bu işlərin Naxçıvanda uğurla həyata keçirilməsi və əldə olunan nailiyyətlər muxtar respublikanın sosial-iqtisadi tərəqqisinin tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayon Rabitə İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək bildirib ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində bütün sahələrdə hərtərəfli inkişafa nail olunub. Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları da belə sahələrdəndir: “Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılıb, fiber-optik kabellər çəkilib, yeni poçt şöbələri yaradılıb və digər tədbirlər həyata keçirilib. Qısa zaman kəsiyində görülən bu işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olub. Artıq Naxçıvanda mövcud ATS-lər “Yeni nəsil” texnologiyalarla əvəz olunur”.
BƏXTİYAR



Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar