12px14px16px18px

23 Mart Ümumdünya Meteorologiya Günüdür

14:38 / 20.03.2012  
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan 1993–cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub. Bu Konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, məlumatların beynəlxalq və regional mübadiləsini həyata keçirir, təşkilatın qəbul etdiyi qərarları icra edir. Qeyd edək ki, 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış Ümumdünya Meteorologiya Təşkilatı ən qədim beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir. 1951-ci ildən isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir. Artıq Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilib. 2012-ci ilin mövzusu olan “Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir” devizi isə hava, iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi sektorlar üçün müstəsna rolunu göstərmək üçün seçilib. “Hava, iqlim və su gələcəyimizin aparıcı qüvvəsidir” devizi Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində 2012-ci ildən başlayaraq İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin (İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu Konqresdə İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin 4 prioritet istiqaməti müəyyən edilib: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə və qida təhlükəsizliyi. 2012-ci ilin oktyabr ayında Cenevrə şəhərində 2019-cu ilədək hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən ziyanın minimuma endirilməsi, insanlar arasında tələfatın 1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması və digər məsələlərlə bağlı ÜMT-nin növbədənkənar 17-ci sessiyasının keçirilməsinə qərar verilib. Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində, kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verməklə dayanıqlı inkişafı təmin edən amillərdəndir. ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən müşahidə şəbəkələri yeni cihaz və avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin edilir ki, bu da müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ ötürülməsini və istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi olaraq müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə tələbatların artması müşahidə olunur ki, bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu əvəzsizdir. BƏXTİYAR


Bu yazı ( 382 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar