12px14px16px18px

Gənclərin səmərəli məşğulluğunun təminatı diqqət mərkəzindədir

00:18 / 19.03.2012
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Gənclər üçün Aktiv Əmək Bazarı tədbirləri” mövzusunda Milli Konfrans keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi ilə keçən konfransda hökumət və qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT), İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə açan nazir müavini Natiq Məmmədov bildirib ki, Prezident İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində sosial-iqtisadi inkişaf dinamikasının davamlı xarakter alıb. Onun sözlərinə görə, əhalinin, xüsusən gənclərin səmərəli məşğulluğunun təminatı, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması və digər sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilir: “Dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” müvəffəqiyyətlə icra olunub, dövlət gənclər siyasətinin prioritet istiqamətlərində müsbət dəyişikliklər baş verib və əhəmiyyətli uğurlara imza atılıb. Bu dövr ərzində məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyət inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Görülən işlərin davamı olaraq, gəncliyin inkişafında yeni bir mərhələni təmin etmək məqsədi ilə ötən il Prezident tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. Dövlət Proqramının məşğulluq sahəsində əsas məqsədi gənclər siyasətini daha da inkişaf etdirməklə gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli zəmin yaradılması, əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar, bilikli gənclərinin sayının artırılması, gənclər arasında sahibkarlığın, həmçinin özünüidarəetmə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Proqramın icrası istiqamətində işlər uğurla davam etdirilir”. N.Məmmədov bildirib ki, ƏƏSMN-in yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2011-ci ildə 11947 nəfər gənc münasib işlə təmin olunub, işəgötürənlərin real tələbləri əsasında həmin dövr ərzində 2984 nəfər gənc müasir, eləcə də milli peşələr üzrə hazırlıq kurslarına, 500 nəfər gənc haqqı ödənilən ictimai işlərə cəlb edilib. O, həmçinin 958 nəfər gəncə işsizliyə görə müavinət təyin edilərək ödənildiyini qeyd edib: “ Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları”na ötən il müraciət edənlərdən 1840 nəfər gənc müvəqqəti xarakterli işlərə göndərilib. İşaxtaranların müvəqqəti işlə təmin olunmalarında “Əmək Birjaları”nın rolunun əhəmiyyəti nəzərə alaraq, “Səyyar Əmək Birjası” formasında fəaliyyəti təmin etmək üçün 2 avtobus alınaraq müvafiq texnoloji avadanlıqlarla təchiz olunub. Təkcə 2011-ci ildə respublikanın şəhər və rayonlarında keçirilmiş “Əmək Yarmarkaları”nda 2297 nəfər gənc işlə təmin edilib. Eyni zamanda, bu müddətdə 108922 nəfərə, əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilib. Müxtəlif dövrlərdə istifadəyə verilmiş Regional Peşə Tədrisi Mərkəzlərində indiyədək Bakı üzrə 5208, Göyçay üzrə 2197, Naxçıvan şəhəri üzrə 887 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Avroviziya” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar Dövlət Bulvar İdarəsinin yeni işə qəbul etdiyi insanlardan 60 nəfəri “İngilis dili” üzrə hazırlıq kurslarına cəlb edilib. Eləcə də, peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması məqsədi ilə 15 peşə, əsasən fəhlə peşələri üzrə müasir tədris üsulu olan modul tədrisi tətbiq edilir. Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində daha 30 peşə üzrə modul proqramların hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulub”. Konfransda Gənclər və idman nazirinin müavini İntiqam Babayevin, BƏT-in Moskva ofisinin direktor müavini Şurenkimeq Zokoiltin, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Aqneta Rostromun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyevin çıxışları dinlənilib. BƏXTİYAR










Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar