12px14px16px18px

Rafiq Cəlilov: “Elektron qeydiyyat sisteminin tətbiqi bu sahədə şəffaflığı və etibarlılığı daha da artıracaq”

11:50 / 16.03.2012
Dünən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçirilib. Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Elektron Qeydiyyat İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcək. Onun sözlərinə görə, bu da qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə yanaşı, eyni zamanda şəffaflığı və etibarlılığı daha da artıracaq: “Daşınmaz əmlak üzərində hüquqların elektron qeydiyyatına keçidlə bağlı artıq komitədə və komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin internet saytlarında elektron xidmətlər bölməsi yaradılıb. Bu bölmələrdə elektron xidmətlərin göstərilməsi qaydaları, qeydiyyat üçün müraciət (ərizə) formaları və tələb olunan sənədlərin siyahısı, qeydiyyat üçün tələb olunan dövlət rüsumu və xidmət haqları, bir sözlə, elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan məlumatlar yerləşdirilib”.
R.Cəlilov qeyd edib ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək ki, bunun da 1-ci mərhələsinə artıq mart ayının 1-dən başlanıb. Onun dediyinə görə, 1-ci mərhələdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün vətəndaşlardan müraciətlərin elektron qaydada qəbulu nəzərdə tutulur: “Bu xidmətin sayəsində hazırda fiziki və hüquqi şəxslər reyestr xidmətinin internet səhifəsindəki “Elektron xidmət” bölməsinə daxil olmaqla ərizələrin qəbulu üçün elektron müraciət edə bilərlər. Artıq bu bölmədə çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün elektron müraciətlərin qəbuluna başlanıb. Bu müraciətlərə komitənin yerli qeydiyyat ofislərində operativ qaydada baxılır və müraciət edənlərə hansı tarixdə və hansı vaxtda müraciət etməsi barədə elektron bildiriş göndərilir.
May ayının 1-dən etibarən isə elektron xidmətlərin 2-ci mərhələsi başlayacaq. Bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Başqa sözlə, 2-ci mərhələdə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada-internet vasitəsilə göndərilə biləcək”. R.Cəlilovun sözlərinə görə, bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq. O, yaradılacaq internet portalının fasiləsiz olaraq – həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracağını deyib: “Müraciətlər portal vasitəsilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər. Bundan əlavə elektron arxivin yaradılması, yəni qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində qeydiyyat prosesi zamanı sənədlərin axtarılmasına vaxt itirilməyəcək. Bununla əlaqədar olaraq komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 190 mindən artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq (yəni skan edilərək) Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub və 18 ərazi idarəsinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib”.
Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin qrup rəhbəri Malkolm Çildres bildirib ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında elektron xidmətlərin tətbiqi “E-hökumət”in inkişafına verilən böyük töhfədir və qeydiyyat prosesində həm müddətin azaldılmasına, həm də şəffaflığın artırılmasına imkan verəcək. Onun sözlərinə görə, “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sistemi əmlak məlumatlarına çıxış və onların idarə olunması baxımından çox mühüm element olacaq: “Bu sistem böyük imkanların yaradılması və strukturlararası idarəetmə və əməkdaşlıq, coğrafi məlumatların idarə olunması baxımından çox böyük rol oynayacaq”.
M.Çildres qeyd edib ki, bu sistemin yaradılması Azərbaycanın ən yaxşı qlobal təcrübələri özündə tətbiq etmək niyyətindən xəbər verir.
BƏXTİYAR






Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar