12px14px16px18px

Yodsuz duzlardan imtina olunması ilə bağlı aksiya başlayır

AFİQ SƏFƏROV: “DUZ XALQIN GENEFONDUNA TƏSİR EDƏN STRATEJİ MƏHSULDUR”

01:51 / 14.03.2012
Dünən “Azərduz” Marka Heyəti və Milli QHT Forumu yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə həyata keçirilən birgə maarifləndirmə aksiyası ilə bağlı mətbuat konfransı keçirib. “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, aksiyanın məqsədi istehlakçıların yodlaşdırılmamış duzdan istifadəsinin qarşısını almaqdır. Onun sözlərinə görə, ölkədə yodsuz duzun satışı, idxalı qadağan olunsa da, hələ də duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablarda qablaşdırılmış duzların satışına rast gəlinir: “Əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, mənşəyi bəlli olmayan təhlükəli duzlardan istifadə olunur”. Bu da vətəndaşlarımızın sağlamlığına ziyansız ötüşmür. Masazır Duz Zavodu məhz bu təhlükəni nəzərə alaraq yaradılıb və istehsal edilən duz rafinə edilir, eləcə də yodlaşdırılır. Amma təəssüflər olsun ki, bu gün müxtəlif ərazilərdən toplanan, təmizlənməyən, yodlaşdırılmayan və eləcə də xaricdən gətirilən keyfiyyətsiz düzlar hələ də Azərbaycan bazarında istehlakçılara satılır. Belə duz istehlakçılar və ölkəyə keyfiyyətsiz duz məhsulu gətirənlər yaddan çıxarmamalıdır ki, duz xalqın genefonduna təsir edən strateji məhsuldur”. Milli QHT Forumunun layihə rəhbəri Ülvi Kazımov bildirib ki, vətəndaşlarımızın sağlamlığını nəzərə alaraq duzla bağlı müxtəlif səpkili maarifləndirmə işlərinə başlanılıb. Onun sözlərinə görə, bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək aksiya Bakı və ətraf qəsəbələri, səhiyyə və təhsil ocaqlarını əhatə edəcək. “Azərduz”un marka rəhbəri Coşqun Heydərov isə bildirib ki, dövlətin dəstəyilə “Azərsun Holdinq” tərəfindən inşa olunan Masazır Duz Zavodu ölkənin duza olan tələbatının ödənilməsi məqsədilə istehsal potensialını artırıb: “Hazırda zavodun istehsalı olan və yüksək texnologiya ilə istehsal olunan yodlu “Azərduz” markası ölkənin bütün satış nöqtələrində istehlakçılara təklif olunur. Yaxın günlərdə yeni tərkibli duzlarımız da satışa çıxarılacaq”. Bura xörək duzu dediyimiz duzun istehsalı da daxildir və bununla əlaqədar zavoda yeni avadanlıqlar gətirilib” Sonda tədbir iştirakçıları əhalini bir daha duz alarkən diqqətli olmağa, mənşəyi bəlli olmayan duzları satmaqdan çəkinməyə çağırıblar.
BƏXTİYAR


Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar