12px14px16px18px

Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı jurnalistlər üçün seminar keçirilib

ELCAN MƏMMƏDBƏYOV: “AZƏRBAYCANDA VƏRƏM XƏSTƏLƏRININ MÜALICƏSINƏ NƏZARƏT SISTEMI GÜCLƏNIB”

01:50 / 14.03.2012
Dünən Ümumdünya Səhiyyə Təşkilatı, USAİD və Vərəm Əleyhinə Milli Proqramın birgə təşkilatçılığı ilə 24 mart-Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı jurnalistlər üçün seminar keçirilib. Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova vərəmə qarşı aparılan mübarizə barəsində məlumat verib. Onun sözlərinə görə, son 20 ildə bu xəstəlikdən ölüm halları 40 faizədək azalıb: “2010-cu ildə dünyada vərəm xəstəliyinə düçar olanların sayı 8,8 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 1,4 milyonadək azalıb. Hazırda vərəm xəstəliyinin aşkar olunması, bu xəstəliyin müalicəsi istiqamətində davamlı işlər aparılır və bununla bağlı geniş tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsasını isə vətəndaşların maarifləndirilməsi tutur”. Ümumilikdə 2015-ci ildə ÜST-nın vərəmlə bağlı xüsusi planı olduğunu vurğulayan C.Süleymanova deyib ki, təşkilat 2015-ci ilədək dünyada vərəmdən ölüm hadisələrinin sayını iki dəfə azaltmağa çalışır. Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov Azərbaycanda vərəmlə bağlı görülən işlər barəsində məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə hökumət davamlı addımlar atır: “İstər hüquqi sahədə, istərsə də səhiyyə sahəsində atılan addımlar nəticəsində bu gün vərəmlə mübarizə daha effektiv təsir bağışlayır. Bu istiqamətdə yeni səhiyyə obyektlərinin istifadəyə verilməsini, regional obyektlərin təmir olunmasını göstərmək olar. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən vərəmlə bağlı tibbi ləvazimatın təminatı yönündə də davamlı addımlar atılır”. E.Məmmədbəyov bildirib ki, ölkədə qeydiyyata alınan vərəm xəstələrinin sayı artıb: “Belə ki, ötən il Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlanıb. 2010-cu ildə bu rəqəm 1997 olub. Xəstələrin sayının artması xəstəliyin geniş şəkildə yayılması ilə əlaqədar deyil, əksinə mübarizənin düzgün təşkil edilməsi ilə bağlıdır. Beləki, xəstəliyin tez aşkarlanması üçün laboratoriyalar üçün yeni avadanlıqlar səhiyyə müəssisələrinə verilib. Ölkədə bu günədək müalicəyə 859 rezistent xəstə qoşulub. Artıq Azərbaycanda vərəm xəstələrinin müalicəsinə nəzarət sistemi güclənib və müalicə nəticələri qiymətləndirilməyən xəstələrin sayı azalır”. E. Məmmədbəyov qeyd edib ki, ÜST-lə birlikdə “Azərbaycanda laborator xidmətin inkişaf etdirilməsi planı”nın hazırlanması ilə bağlı hazırlıqlar aparılır. Tədbirin sonunda jurnalistlər arasında “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda müsabiqə elan olunub. Qeyd edilib ki, müsabiqə üçün dərc edilən materiallar avqust ayının 1-nə kimi qəbul olunacaq və həmin ayın sonunda nəticələr elan ediləcək.
BƏXTİYAR


Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar