12px14px16px18px

Bakı Hava Limanında gömrük nəzarətindən keçmə qaydası dəyişdirilib

00:17 / 10.03.2012
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqinə başlayıb. DGK-dən “APA”ya verilən məlumata görə, yenilikdə məqsəd gömrük işi sahəsində proseduraların sadələşdirilməsi və şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığının təmin edilməsidir. DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev bildirib ki, bu işlər prezidentin 2011-ci il 25 fevral tarixli “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində proseduraların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanı çərçivəsində həyata keçirilib. Dəyişikliklər nəticəsində sərnişinlərin gömrük nəzarətindən keçməsi yeri və qaydası dəyişdirilib. Belə ki, hazırda hava limanında sərnişinlər uçuş-minik qeydiyyatı zonasına birbaşa daxil olur, burada qeydiyyatdan keçir və baqaj yüklərini təhvil verirlər. Təhvil verilən yüklər isə sərnişin və gömrük əməkdaşları arasında təmas olmadan gömrük baxışından keçirilir və təyyarələrə daşınır. Amma sərnişinlərin üzərində və ya yüklərində bəyan edilməsi zəruri olan əşyalar varsa, onlar uçuş-minik qeydiyyatından əvvəl gömrük nəzarətinə təqdim olunmalıdır. Yəni, bu halda gömrük rəsmiləşdirilməsi bölməsinə sərnişin bəyannaməsi təqdim edilir, aparılan yüklər arasında qadağan edilən və ya məhdudlaşdırılan əşyalarla bağlı məsələlər həllini tapdıqdan sonra sərnişinlər uçuş-minik qeydiyyatından keçirlər. Uçuş-minik qeydiyyatından sonra isə sərnişinlər əl yükləri ilə gömrük nəzarəti zonasına daxil olur və yalnız bundan sonra sərnişinlər və onların əl yükləri müvafiq qaydada gömrük yoxlamasından keçirilir”. Xatırladaq ki, bunadək sərnişinlər və onların yükləri üzərində gömrük nəzarəti uçuş-minik qeydiyyatından əvvəl həyata keçirilirdi. Bu isə yerlərdə müəyyən narahatlıq və əlavə çətinliklər yaradır, eyni zamanda, təkrar yoxlamalar vətəndaşlar və gömrükçülər arasında münasibətlərdə bəzi anlaşılmaz məqamların yaranmasına səbəb olurdu. Onu da qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarəti zonasına daxil olan bütün sərnişinləri müvafiq prosedura qaydalarla, o cümlədən, qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı ilə yaxından tanış etmək üçün Azərbaycan, ingilis və rus dillərində məlumat lövhələri yerləşdirilib. Eyni zamanda, bu məlumatlandırma işi “Azərbaycan Hava Yolları” QSC-nin yerüstü xidmət şirkətləri tərəfindən uçuş-minik qeydiyyatı zamanı həyata keçirilir. Həmçinin bütün sərnişinlərin rahatlığını təmin etmək məqsədilə burada sərnişin bəyannaməsinin Azərbaycan, ingilis və rus dillərində həm elektron, həm də adi qaydada doldurulmasına imkan yaradılıb. “Bir daha xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilən yeni texnoloji sxemdə məqsəd həm ölkə, həm də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətini artırmaq və onların rahatlığını təmin etməkdir. Lakin onu da nəzərə çatdıraq ki, müvafiq prosedura qaydalara riayət etməyən şəxslər qanunvericiliklə məsuliyyət daşıyır və hüquqpozmalara yol verən şəxslərə qarşı müvafiq tədbirlər görülür”, – deyə Gömrük Komitəsinin məlumatında deyilir.


Bu yazı ( 218 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar