12px14px16px18px

“Şahdəniz”in işlənməsi layihəsinə əsaslı xərclər təxminən 2 dəfə artırılacaq

01:48 / 03.03.2012
Ötən il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsi çərçivəsində 190,7 mln. ABŞ dolları həcmində əməliyyat və 674,9 mln. dollar əsaslı xərclər sərf olunub. Bu barədə “APA”ya “BP-Azerbaijan” şirkətindən bildirilib. Şirkətin məlumatına əsasən, 2012-ci il üçün bu rəqəmlərin müvafiq olaraq 11 faiz və 98,5 faiz artaraq 211,5 mln. dollara və 1,340 mlrd. dollara çatacağı gözlənilir. Hasilata gəldikdə isə, hesabat ilində yataqdan 6,67 mlrd. kubmetr qaz və 1,8 mln. ton (14 mln. barel) kondensat və ya gündəlik təqribən 18,3 mln. kubmetr qaz və 38,3 min barel kondensat hasil edilib. “BP-Azerbaijan” şirkətindən həmçinin bildirilib ki, 2006-cı ilin sonunda “Şahdəniz”də hasilat başlanandan 2011-ci ilin sonunadək yataqdan dünya bazarlarına 29,902 mlrd. kubmetr qaz və 8 mln. ton kondensat ixrac edilib: “Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqdan sonra hasilatın artacağı gözlənilir. Hazırda I mərhələdə hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 mlrd. kubmetr qaz və gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir”. Qeyd edək ki, “Şahdəniz”in II fazasının indiki planlarına görə, 2012-ci ildə mühəndis-layihə işləri davam etməklə, layihə növbəti mərhələyə keçəcək və xərclərin dəqiqləşdirilməsi işləri aparılacaq ki, 2013-ci ildə yekun investisiya qərarı (sanksiya) verilsin. Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin II fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır.


Bu yazı ( 175 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar