12px14px16px18px

Bakı və ətraf qəsəbələrdə yeni sosial müdafiə əhəmiyyətli mərkəzlərin inşası davam edir

01:47 / 03.03.2012  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakıda və ətraf yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli mərkəzlər inşa edilir, habelə sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işləri aparılır. ƏƏSMN-in aparat rəhbərinin müavini Elnur Kələntərov dünən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusunun, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisi işləri ilə yaxından tanış olmaq üçün həmin ərazilərdə olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, E.Kələntərov həmçinin Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Aparılan tikinti işlərinin gedişatından razı qaldığını bildirən nazirlik rəsmisi, bununla yanaşı, əlilliyi olan şəxslər üçün sosial-məişət şəraitinin qurulması zamanı həmin insanların bu binalarda çətinlik çəkmədən, maneəsiz hərəkət imkanlarına malik olmasının vacibliyini diqqətə çatdırıb. O, bu məqsədlə əlil insanlarla bağlı mütərəqqi beynəlxalq təcrübədən irəli gələn tikinti standartlarına əməl olunmasını tapşırıb. Nazirlik rəsmisi eyni zamanda, inşa işlərində yeni mərkəzlərin fəaliyyət profilinin ciddi şəkildə diqqətdə saxlanılması, tikinti, təmir və yenidənqurma işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi, bu işlərdə daha keyfiyyətli inşaat materiallarından istifadə olunması, obyektlərin ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin yüksək səviyyədə aparılması və s. barədə müvafiq göstərişlərini verib.


Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar