Korrupsiyaya görə daha 3 vəzifəli şəxs həbs edilib
11:00 / 17.05.2012
Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə Bakı sakinindən 1.000 manat pul tələb etməsi barədə Korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 2012-ci il mayın 15-də arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb. Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Beyləqan rayon enerji şəbəkəsinin baş mühəndisi Feyziyev Vahid İbrahim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon sakininin elektrik enerjisindən istifadəsi ilə əlaqədar qanunsuzluq hallarına yol verildiyi müəyyən edilib. Belə ki, V.Feyziyevin qanunazidd hərəkətləri barədə Beyləqan rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 – qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, rayonun Talıbxanlı kənd sakini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü 0,5 hektar torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə V.Feyziyevə müraciət etdikdə sonuncu ondan 200 manat rüşvət tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 2012-ci il mayın 8-də şəbəkənin inzibati binasındakı xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Törətdiyi cinayət əməlinə görə V.Feyziyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanıb. V.Feyziyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər cinayət işi Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb. Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 hektar torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.Bu yazı ( 51 ) - dəfə oxunmuşdur