12px14px16px18px

2010-cu ildə itirdiklərimiz

12:05 / 30.12.2010 Azərbaycan mədəniyyəti, elmi və jurnalistikası bu il çox dəyərli simaları ilə vidalaşıb
Azərbaycan mədəniyyəti və incəsənəti başa çatmaqda olan 2010-cu il ərzində çoxsaylı itkilərlə yadda qalıb. İlin son günləri ötən bir ilə nəzər saldığımızda mədəniyyətimizin bir çox itkilər verdiyini görürük. Sözsüz ki, bu gün ömür səhifələrini vərəqlədiyimiz bu sənətkarlar Azərbaycan mədəniyyəti və incəsənəti tarixində, eləcə də insanlarımızın qəlbində daima yaşayacaq. Hər il olduğu kimi, bu ilin sonu da APA il ərzində Azərbaycan mədəniyyətinin itirdiyi sənətkarların siyahısını tərtib edib. 2010-cu ilin ilk itikisi ədəbiyyat sahəsinə üz verib. Yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış qələm sahibi Sabir Azəri 72 yaşında dünyasını dəyişib. Sabir Azəri Dövlət Televiziya və Radio Verilişləri Şirkətində, “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında çalışıb. Yazın gəlişinin ilk günlərində isə Azərbaycan teatrı itki ilə üzləşib. Çoxsaylı insanların “Şirbalanın məhəbbəti” tamaşasında Nazlı kimi tanıdığı Dövlət Musiqili Komediya Teatrının aktrisası, müxtəlif televiziya tamaşalarında ifa etdiyi komik rollarla sevilən Lütfiyyə Səfərova uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Aktrisa 2010-cu il martın 1-də gözlərini əbədi olaraq yumub. Azərbaycan incəsənətində öz dəsti-xətti ilə tanınan tikmə ustası Sitarə Rəhimova martın 9-da dünyasını dəyişib. Azərbaycan incəsənətinin artıq bir tarixinə çevrilən rəssam 65 yaşında vəfat edib. Bir ay sonra Azərbaycanın teatr sənəti daha bir itki ilə üzləşib. Uşaqların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev aprelin 8-də elə iş yerində dünyasını dəyişib. Müxtəlif mədəniyyət ocaqlarında bir çox yaradıcı vəzifələrdə fəaliyət göstərən Rəhman Quliyev 20 il Kukla Teatrının direktoru vəzifəsində çalışıb.Elə həmin ayın 15-də Azərbaycan kino və teatr sahəsində çox böyük bir itki baş verib. Hər bir obrazı ilə hamını ürəkdən güldürməyi bacaran, yaratdığı obrazlarla böyük sevgi qazanan xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Telman Adıgözəlov aprelin 15-də qəflətən vəfat edib. 57 yaşında dünyaya göz yuman sənətkar ömrünün 30 ilini Akademik Milli Dram Teatrının səhnəsində yaddaqalan obrazlar yaratmağa sərf edib. Aprel ayı Azərbaycan teatrı daha bir sənətkarın itkisi ilə yadda qalıb. Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Yusif Muxtarov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində diktor vəzifəsində çalışıb və UNESCO-nun iki qızıl diksində sənətkarın ifası lentə alınıb. Aprel ayı Azərbaycan mədəniyyəti üçün ağır il olub. Ayın son günləri isə milli rəqs sənətimizin şahzadəsi titulunu qazanan Əminə Dilbazini itirmişik. Sənətkar aprelin 30-da 91 yaşında vəfat edib. O, tanınmış Azərbaycan bəstəkarı bəstəkar Cövdət Hacıyevin həyat yoldaşı olub.May ayı da Azərbaycan mədəniyyəti itkilərlə xatırlanır. Mayın 18-də Azərbaycan mədəniyyəti Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Siyavuş Aslanın həyat yoldaşı olan aktrisa Ofeliya Aslanı itirib. Gözəl obrazlarla insanların sevgisini qazanan aktrisa 71 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Yayın son ayı hesab olunan avqust ayında da Azərbaycan mədəniyyətində böyük itki yaşanıb. Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımi avqustun 9-da əbədi olaraq həyatla vidalaşıb. Ürək çatışmazlığından əziyyət çəkən O. Kazımi 78 yaşını qeyd etməmiş dünyasını dəyişib. Sentyabrın 4-də isə Türkiyənin Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, prezident təqaüdçüsü, xalq artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib. Sərvər Qəniyevin cənazəsi Bakıya gətirilərək öz Vətənində dəfn olunub. Bu il sentyabrın 14-də Azərbaycan teatr ictimaiyyətinə daha bir ağır itki üz verib. Həmin gün Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti, prezident təqaüdçüsü İrina Perlova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 2010-cu ilin oktyabr ayı da itkisiz ötüşməyib. 8 oktyabr tarixi xalq artisti, prezident təqaüdçüsü Elxan Əhədzadənin ölümü ilə yadda qalib. Uzun illər Opera və Balet Teatrında, eləcə də Musiqili Komediya Teatrında fəaliyyət göstərən sənətkar uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. 2010-cu il Azərbaycan elmi üçün də itkisiz ötüşməyib. Dekabrın 4-də Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli elm xadimi, professor, AMEA Zoologiya İnstitutunun direktoru Musa Musayev 89 yaşında vəfat edib. Dekabrın 27-də isə Azərbaycan elminə ağır itki üz verib. Azərbaycanın görkəmli tarixçi alimi, akademik Cəmil Quliyev dekabrın 27-də vəfat edib. Yola saldığımız il jurnalistikamız üçün də itkilərlə yadda qalıb. Martın 16-da “Zerkalo” qəzetinin şərhçisi, Qarabağ müharibəsi veteranı İbrahim Bayandurlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Daha bir həmkarımız, “BBC” radiosunun əməkdaşı, müxtəlif aparıcı kütləvi informasiya vasitələrində çalışmış jurnalist İlham Rzayev aprelin 23-də 34 yaşında dünyasını dəyişib. İyunun 12-də məşhur telejurnalist, əməkdar jurnalist və “Qızıl qələm” mükafatçısı Mailə Muradxanlı vəfat edib. 70 yaşında dünya ilə vidalaşan telejurnalist uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində, “Bakıfilm” studiyasında fəaliyyət göstərib. 2010-cu ildə vidalaşdığımız həmkarlarımız sırasında uzun illər müxtəlif kütləvi informasiya vasitələrində çalışmış, “Qanun” jurnalının redaktoru Şaiq Bəhramoğlu və “Azərbaycan” qəzetinin əməkdaşı Raqif Şirinov da var. Jurnalistika sahəsində daha bir itki oktyabrda baş verib. “Poliqon” İnformasiya Agentliyinin rəhbəri, “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli oktyabrın 27-də yol qəzasında faciəli şəkildə həlak olub. Bu il daha bir jurnalist həmkarımız da yol qəzasının qurbanı olub. Noyabrın 14-də Rusiyanın “Reqnum” agentliyinin əməkdaşı Rafael Mustafayev faciəvi şəkildə yol qəzasında dünyasını dəyişib. Dekabrın 19-da isə tanınmış fotoqraf Elxan Kərimov 62 yaşında vəfat edib.

Allah rəhmət eləsin!


Bu yazı ( 308 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar