12px14px16px18px

“Azsamand”da yanan sürücünün qətlə yetirildiyi müəyyənləşib

16:00 / 26.10.2009



Sabunçu rayonunda “Azsamand” markalı avtomobildə ölümlə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub. Həmin şəxsin öldürüldüyü müəyyənləşib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətl sifariş əsasında həyata keçirilib.
Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində yerləşən zibillikdə naməlum kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə Bakı şəhər Baş Polis İdarəsinin, Bakı şəhər Prokurorluğunun, Sabunçu rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu gedib. Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyənləşib. Qətlə yetirilən şəxsin Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xanbəyi Zamanov olduğu müəyyən edilib. O, öz maşında “Naqan” tipli tapança ilə öldürüldükdən sonra yandırılıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ağır qətl hadisəsinin üstü açılıb. Artıq qətli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Nemət Şəmil oğlu Abdullayev və 1983-cü il təvəllüdlü Samirə Əvəz qızı Əzimova polis tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər qətli sifariş əsasında həyata keçirdiklərini bildiriblər. Lakin istintaq sirri olduğundan hələlik qətli sifariş edən şəxsin adı açıqlanmır.
Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu hadisə barədə Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 25-də saat 21.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Xanbəyi Zamanova məxsus “Azsamand” markalı avtomaşında yanğın baş verib.
Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra onun salonunda X.Zamanovun yanmış meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.



Bu yazı ( 379 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar