12px14px16px18px

QHT-lər Türkiyəyə müraciət edib

TƏNZİLƏ RÜSTƏMXANLI: “TÜRKİYƏ HEÇ VAXT AZƏRBAYCANI QURBAN VERİB ERMƏNİSTANI ALA BİLMƏZ”

12:48 / 17.10.2009     Milli QHT Forumu (MQF) Azəri-Türk Qadınlar Birliyilə birgə dünən Ambassador otelində “Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yox deyək! Türkiyə, Azərbaycanı itirmə!” adlı tədbir keçirib.
    MQF-nin prezidenti Rauf Zeyni Türkiyə ilə Ermənistan arasında Sürix şəhərində sərhədlərin açılması ilə bağlı protokolun imzalanmasından sonra iki ölkənin bir-birinə daha da yaxınlaşdığını bildirərək, bundan narahatlığını gizlətməyib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları Ermənistan Türkiyə sərhədlərinin açılması istiqamətində atılan addımlara kəskin etiraz bildirməlidir. O, Türkiyə ictimaiyyətinin bu məsələdə Azərbaycanı dəstəklədiyini qeyd edib: “Biz artıq etiraz olaraq aksiya keçirmişik. Bundan əlavə, mən Azay Quliyev və Tənzilə Rüstəmxanlı ilə birgə bir neçə gün öncə Türkiyəyə gedərək bu məsələyə etirazımızı qardaş ölkənin dövlət və müxalifət nümayəndələrinin diqqətinə çatdırdıq. Türkiyədə rəsmi şəxslərlə, eləcə də müxalifət nümayəndələrilə görüş zamanı onlar Ermənistan yaxınlaşmasından narahat olduqlarını bildirərək, buna etiraz etdiklərini söylədilər. Bizim hər hansı bir ölkənin daxili işinə qarışmaq niyyətimiz yoxdur. Amma Türkiyə-Ermənistan arasında protokolun imzalanmasında Azərbaycanın, eləcə də qardaş ölkənin maraqlarına zidd məqamlar var. Məhz elə bu üzdən məsələyə kəskin etirazımızı bildiririk”.
    R.Zeyni sözügedən məsələyə etiraz etmələrilə bağlı Türkiyə ictimaiyyətinə müraciət ünvanlayacaqlarını da söyləyib. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyənin hər bir məsələdə Azərbaycanın yanında olmasının zəruriliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə Türkiyə xalqı Azərbaycana tam şəkildə dəstək olur: “Türkiyə xalqına bizə böyük dəstəyinə görə minnətdarlığımızı bildiririk. Lakin Türkiyə xalqından fərqli olaraq, qardaş ölkənin dövlət rəhbərlərinin hərəkətləri bir qədər narahatedici təsir bağışlayır. Biz Türkiyənin baş nazirini Azərbaycana verdiyi vədinə xilaf çıxmamağa çağırırıq. Çünki Rəcəb Tayyib Ərdoğanın verdiyi vəd çox böyük sözdür. Ümidvarıq ki, Türkiyə hakimiyyəti bizə verdiyi vədinin üstündə dayanacaq”.
    T.Rüstəmxanlının fikrincə, Türkiyə ilə Ermənistan arasında protokolun imzalanması böyük bir oyunun tərkib hissəsidir. O, bir sıra böyük dövlətlərin Azərbaycan-Türkiyə qardaşlığına qarşı siyasət yürütdüyünü vurğulayıb: “Bizim əsas etirazımız Türkiyə-Azərbaycan dostluğuna əks siyasət yürüdən böyük dövlətlərdir. Bu, bir faktdır ki, böyük güclər Azərbayan-Türkiyə dostluğunu pozmağa cəhd edir. İndiyədək tarix boyu Azərbaycanın bir tək dostu Türkiyə olub. Biz Türkiyə dövlətini bu dostluğu pozmamağa çağırırıq. Eyni zamanda Türkiyə Böyük Millət Məclisini protokolu ratifikasiya etməməyə çağırıram. Çünki Türkiyə heç vaxt Azərbaycanı qurban verib, Ermənistanı ala bilməz”.Bu yaxınlarda məsələ ilə bağlı Türkiyədə səfərdə olduğunu qeyd edən hüquq müdafiəçisi Çingiz Qənizadə orada bir sıra şəxslərlə görüşlər keçirdiyini söyləyib. O, hesab edir ki, Türkiyə Ermənistan matçına Azərbaycan bayraqlarının buraxılmasının qadağan edilməsi FİFA ilə öncədən razılaşdırılmış məsələ olub. Ç.Qənizadə Türkiyə ictimaiyyətinin Azərbaycanı dəstəklədiyin dilə gətirərək, qardaş ölkədə Qarabağ Komitəsinin yardılması təklifinin olduğunu da deyib: “Türkiyədəki görüşlərim zamanı Milliyətçi Hərakat Partiyasınından olan millət vəkili Atilla Kaya bu ölkədə Qarabağ komitəsinin yaradılmasını təklif etdi. Bu komitəyə Azərbaycandan da 5 nəfərin cəlb olunacaq. Hesab edirəm ki, bu yaxşı təklifdi və biz bunun üzərində işləməliyik”.
    Tədbirdə çıxış edən digər iştirakçılar da Türkiyənin son addımların kəskin etirazlarını bildiriblər. Sonda konfrans adından Türkiyədə fəaliyyət göstərən QHT-lərə müraciət qəbul olunub.
Aqil LƏTİFOV


Bu yazı ( 314 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar