12px14px16px18px

Rafael Hüseynov:“Eurovision” sırf siyasət hadisəsidir”

00:44 / 24.05.2012
“Eurovision” mahnı müsabiqəsi dünyanı birləşdirən bir hadisə, böyük bir humanist aksiyadır. O, sadəcə, bir mədəni hadisə , musiqi müsabiqəsi də deyil , o, sadəcə, mədəniyyət hadisəsi olsaydı, o zaman onun ətrafında bu qədər siyasi müzakirələr getməzdi”. Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov “Eurovision-2012” mahnı müsabiqəsi ətrafında bəzi daxili və kənar qüvvələrin Azərbaycana yönəlik ittihamlarına, təzyiq və təhdidlərinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, “Eurovision” əslində sırf siyasət hadisəsidir.
Ancaq R. Hüseynov onu da qeyd edib ki, bu hadisə dünyada cərəyan edən çox məkrli siyasətlərdən fərqli olaraq, humanist bir siyasət hadisəsidir: “Çünki dünyanın onlarla ölkəsi bir ölkədə dostluq , mehribançılıq, ünsiyyət ətrafında birləşirsə, bir bayram ətrafında qovuşursa, o zaman bundan böyük dünyanın qloballaşmasına xidmət edən, insanları bir-birinə yaxınlaşdıran nə hadisə ola bilər?! Elə hesab edirəm ki, növbəti yarışmaya evsahibliyi edən ölkəmiz üçün də bunun çox böyük əhəmiyyəti var.
Düzdür, bəzən öz vətəndaşlarımızdan da kimlərsə başadüşməzlikdən və ya kifayət qədər ürək genişliyi ilə yanaşmadan bu hadisəyə yanlış qiymət verirlər. Bu kimi təəssüf doğuran məqamlar da var. Ancaq onlar da nəhayət, fərqində olmalı və anlamalıdırlar ki, bu hadisənin ölkəmiz, xalqımız üçün nə qədər böyük əhəmiyyəti var”.
Özünün xaraktercə kifayət qədər möhkəm bir adam olduğunu deyən R. Hüseynovun bildirdiyinə görə, amma görəndə, biləndə ki, “Eurovision” yarışması canlı yayımla translyasiya olunur və buna dünyanın 60-a yaxın ölkəsi eyni anda, milyonlarla insan baxır, istər-istəməz qəhərlənir,duyğulanır: “Görəndə ki, Azərbaycan mənzərələrini göstərirlər və dünyanın onlarla ölkəsində bunları görürlər, heyran qalırlar, o cümlədən, canlı yayımla Azərbaycanın inkişafına şahid olurlar, onun gözəlliyini seyr edirlər, Azərbaycanın gücünü görürlər, o zaman buna daxilən həyəcanlanmaya bilmirəm. Azərbaycanlı olan yalnız bu hissiyyatla yaşaya bilər”.
Millət vəkili eyni zamanda deyib ki, “Eurovision-2012” Azərbaycanın böyük bir təntənəsi, qələbəsidir: “Deyirdilər ki, Azərbaycan hazırlıq işlərini çatdırmayacaq, Azərbaycan bu işləri görə bilməyəcək və sair. İndi özünüz də görürsünüz, Azərbaycan bunları bacardı, Azərbaycan hər işi bacarır. Çünki Azərbaycanda dövlət qeyrəti var, millət qeyrəti var və lazım olan anda dizini yerə qoyub istənilən işi görə bilir. Ona görə “Eurovision”un bu günkü təntənəsi Azərbaycanın böyük uğurudur.
Amma eyni zamanda, ayrı-ayrı insanların bir-birinə paxıllıq etməsi dünyanın çox köhnə və pis hadisələrindən olduğu kimi, dövlətlərin də bir-birinə paxıllıq etməsi var. “Eurovision”un Azərbaycanda keçirilməsinə hətta, dünyanın bir çox böyük dövlətləri də paxıllıq edirlər. Avropa Şurasında da , digər beynəlxalq təşkilatlarda da müşahidələrim zamanı ölkəmizə qarşı paxıllığı, həsədi görmüşəm. Həsəd aparırlar ki, Azərbaycan, yenicə müstəqillik əldə etmiş bir dövlət birdən-birə qısa bir zaman içərisində necə belə bir sıçrayışlı yüksəlişə nail olub, necə uğurlara çatıb?! Odur ki, bu uğurlar, bu müsabiqələr böyük fərəh doğurmalı, iftixar hissi yaratmalı hadisələrdir. Düşünürəm ki, Azərbaycanın hər bir insanı da buna güvən duyğusu ilə yanaşaraq, öz sevincini tapmalıdır. O cümlədən, Azərbaycana ən müxtəlif istiqamətlərdən və səmtlərdən həsədlə, rəqabətlə yanaşanlara qarşı yalnız dövlət və onun qurumları, ziyalılar deyil , hər bir vətəndaş mübarizə aparmağa hazır olmalıdır. Çünki Vətən, dövlət bu cür yaranır, böyük, güclü Azərbaycan bu cür yaranır”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar