12px14px16px18px

Əli Əhmədov: “Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”

00:58 / 04.05.2012

“Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq hüququnun təmin edilməsi üçün lazım olan bütün işləri görüb. Müxalifətçilər mitinqlərini keçirmək istəyəndə keçirirlər, tərəfdarlarını toplayırlar, onların qarşısında çıxışlar edirlər. Əgər onların keçirdiyi mitinqə az sayda adam gəlirsə, hesab edirəm ki, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib. O bildirib ki, mitinqlərin harada keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qəbul etdiyi qərar var: “Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə əslində mitinqlərinin uğursuzluğa düçar olduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər yığılır. Təsəvvür edin ki, hər təşkilatdan 30-40 nəfər gedir. Elə hər təşkilat təmsilçilərinin ailə üzvləri yığılanda 2000 nəfər yığılmış olur. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir. Yəni onların ictimai dəstəyi, sosial bazası yoxdur. Onların mərkəzi yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm”.
Əli Əhmədov Almaniyanın Azərbaycandakı səfirinin son açıqlamalarına da münasibət bildirib. O deyib ki, bu fikirlərdə ədalətli mövqe yoxdur.Bildirib ki, Almaniyanın bəzi mətbuat orqanları Azərbaycanla bağlı qərəzlərini gizlətmirlər: “Azərbaycanda da bəzi kütləvi informasiya vasitələri buna cavab veriblər. Hesab edirəm ki, iki ölkənin KİV-ləri arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxilə etməsinə heç bir lüzum yox idi, bu yersiz və yolverilməz idi. Düşünürdüm ki, Almaniya səfiri bu hadisələrin fövqündə dayanan bir mövqe seçəcək. Amma təəssüflə bildirmək istəyirəm ki, səfir tərəflərdən birinin mövqeyini tutdu, Almaniyanın bəzi KİV-lərinin qərəzli mövqeyinin tərəfini tutdu. Beləliklə də özünü bu prosesin içində göstərdi. Ona görə də bundan incimək, buna başqa cür qiymət verməyə onun haqqı yoxdur”.





Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar