12px14px16px18px

Elman Nəsirli: “İran üçün bölgədə güclü Azərbaycanın olması ən azı ciddi narahatlıq doğurur”

11:55 / 27.04.2012
“İranla Ermənistan arasındakı strateji xarakter daşıyan münasibətlərin təməlində hər iki ölkənin ortaq strateji maraqları dayanır. Yəni İran və Ermənistanı daha çox üçüncü ölkələrlə münasibətləri birləşdirir”. Bu barədə mətbuata açıqlamasında politoloq Elman Nəsirli deyib.O, qeyd edib ki, hər iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşür: “İran üçün bölgədə güclü Azərbaycan ən azı ciddi narahatlıq mənbəyidir. Burada Türkiyə amili də diqqət mərkəzindədir. Çünkü İran müstəqil Azərbaycanı və güclü Türkiyəni nəinki xarici siyasət maraqlarına, hətta öz varlığına təhlükə kimi görür. Aydın məsələdir ki, bu nəticə İranın rəsmi “İslam dövləti” mövqeyindən deyil, tam fərqli – fars mərkəzli baxışından qaynaqlanır. Buna İranın hər hansı bir dövlət kimi beynəlxalq aləmə çıxış alternativlərini artırmağa çalışmasını da əlavə etmək olar. Eyni zamanda nüvə problemi, inqilab ixracı, terrora dəstək və s. səbəblərdən İranı beynəlxalq aləmdən təcridə məhkum edib. Bu səbəblərə görə, İran-Ermənistan əlaqələrinin inkişafında hər ikisinin hələ uzun müddət maraqlı olacaqlarını demək mümkündür. Sadəcə, Türkiyə və Azərbaycanın İran üzərində, Rusiya və ABŞ-ın isə Ermənistan üzərində təzyiqləri bu münasibətləri müəyyən dərəcədə zəiflətməyə səbəb ola bilər”. Azərbaycan-İsrail, ya da Azərbaycan-ABŞ münasibətləri İranın Ermənistan siyasətinə cavab xarakteri daşımadığını deyən politoloq bildirib ki, ölkəmizin xarici siyasətinin əsas vəzifəsində qonşu dövlətlərə mehriban münasibət siyasəti öz əksini tapıb: “Lakin rəsmi Tehran Ermənistana bütün sferalarda yardım edir. Rəsmi Bakının könlünü almaq üçün bəzən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik prinsipini ortaya qoyur. Əslində burada bir neçə məqam diqqətdən yayınmır. Yəni İranın Qarabağ münaqişəsinin həllində hər hansı bir faydaverici rolu ola bilər. Əslində regionda önəmli rola sahib İranın Qafqazda baş verən proseslərə münasibəti vaxtaşırı dəyişkən şəkil alır. İran üçün SSRİ-nin dağılması ilə Rusiyanın əvvəlki gücünü itirməsi və kommunizm təhlükəsinin ortadan qalxması yeni təhlükələrin ortaya çıxmasına səbəb olub. Həmçinin regionda Qərb mərkəzli təşkilatların geniş şəkildə yayılmasından narahat olan İran bu məsələdə Rusiya ilə birgə addımlar atmağa çalışır. Xüsusilə Qafqazın ən önəmli münaqişə məsələsi olan Qarabağı milli təhlükə olaraq gördüyü üçün bu istiqamətdə dəyişkən siyasətlər həyata keçirir. Münaqişənin başlandığı dövrdən etibarən ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini bəyan edən İranın prinsip olaraq tez-tez vasitəçilik fəaliyyətlərinə girişməsi səbəbsiz deyil. Belə ki, bu addımlar bölgədəki tarazlıqları müxtəlif yollarla öz xeyrinə çevirmə və ya mümkünləşə biləcək zərərləri minimuma endirmə istəyindən irəli gəlir. Məsələn, 1992-ci ildə İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək cəhdləri bunun bir nümunəsidir. Düzdür, həmin vaxt nəticə daha pis şəkildə ortaya çıxdı. Həmçinin əgər bir dövlət Ermənistanı həm iqtisadi, həm siyasi, xüsusilə də hərbi baxımdan bu şəkildə dəstəkləyirsə, onun mehriban qonşuluq siyasətinə nə dərəcədə inanmaq olar?”. E.Nəsirli deyib ki, Dağlıq Qarabağ məsələsinin təqdim edilməsində dini və ya etnik bir termindən istifadə etməyən İranın problemlə bağlı nəzərdə tutduğu bir sıra cəhətlər var: “Birinci məqam odur ki, problemin həlli ilə Cənubi Azərbaycan əyalətlərindəki Azərbaycan türklərinin Şimali Azərbaycana bağlanma təhlükəsindən İran çox narahatdır. İkincisi, İrana görə, Ermənistan Qərb ittifaqına qarşı Rusiya tərəfində yer aldığından dəstəklənməsi lazım olan dövlətdir. Üçüncüsü, Türkiyənin Qafqazdakı təsirləri ancaq Ermənistanla yaşanan problemlər yoluyla azaldıla bilər. Və sonuncusu, İran Qərbdəki erməni diasporu vasitəsi ilə özünə bəzi qapıları aça bilər”. PƏRVANƏ



Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar