12px14px16px18px

Rasim Musabəyov: “Azərbaycanla İsrail arasında hərbi sahədə əməkdaşlığın inkişafı nə Rusiya, nə də İran üçün təhlükə yaratmır”

11:46 / 27.04.2012
“Azərbaycanla İsrail arasındakı mövcud əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfər etməsi də bunun bariz nümunəsidir. Azərbaycan-İsrail münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, hal-hazırda Azərbaycan İsrailin energetika təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayan əsas ölkədir”. Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov belə düşünür. Onun sözlərinə görə,İsrail bu gün Azərbaycan neftinin fasiləsiz olaraq Ceyhana qədər çatdırılmasında hədsiz maraqlıdır. Çünki hazırda İsrail tərəfindən satın alınan neftin 40%-i Azərbaycanın payına düşür. Politoloq hesab edir ki, riskləri və mənfəətləri hər zaman tərəziyə qoymaq lazım gəlir: “Amma Azərbaycan-İsrail əməkdaşlığının tərəflərin hər birinə gətirdiyi faydalar risklərdən və qonşu dövlətlərin narazılığı məsələsindən çox-çox artıqdır”. İranın Azərbaycan və İsrail arasında mövcud hərbi sahədə əməkdaşlığından narahatlıq keçirməsinə toxunan millət vəkili deyib ki, əgər İranın Bakıya münasibətdə məkrli planları mövcud deyilsə, o Azərbaycanın öz təhlükəsizliyini möhkəmləndirməsindən qətiyyən narahatlıq keçirməməlidir. Azərbaycanın planlarında isə ona nisbətdə müqayisəolunmaz dərəcədə güclü, daha böyük dövlət olan İran əleyhinə hər hansı təcavüzkar niyyətləri ola bilməz. R.Musabəyov İsrailin İrana zərbə endirmək məqsədilə Azərbaycan ərazilərindən istifadə etmək üçün Bakı ilə razılığa gəlməsinə dair xarici mətbuatın bir müddət əvvəl yazdığı məlumata toxunaraq deyib ki, bu fikrin həyata keçirilməsinin qeyri-mümkün olmasını başa düşmək üçün coğrafiya xəritəsinə baxmaq kifayətdir: “İsrail təyyarələri Azərbaycana necə uçub gələ bilərlər? Onlar üçün Azərbaycana çatmaq üçün yeganə yol Türkiyənin ərazisindən keçir ki, bu yol da tamamilə qeyri-mümkündür. Buna görə də, bütün bunlar onu sübuta yetirir ki, belə fərziyyələr İranı hər hansı düşünülməmiş addım atmağa sövq etmək məqsədi daşıyır ki, bu da Azərbaycanı tam şəkildə antiiran düşərgəsinə doğru çəkmək niyyəti güdür”. O deyib ki, Əgər Azərbaycan və İsrail münasibətlərində hər hansı antitürk amili varsa, bu əlbəttə ki, Türkiyədə narazılıq doğura bilər. Lakin belə bir amil yoxdur və bu münasibətlərdə belə bir şeyin olduğunu görmək də mümkün deyil. Azərbaycanın İsraildən silah almasına da toxunan ekspert deyib ki, Azərbaycan öz təhlükəsizliyinin möhkəmlənməsində maraqlıdır: “İsraildən başqa heç bir dövlət Azərbaycana yüksək texnologiyalı müasir silah tədarük etmir. Rusiya 80-ci illərin köhnəlmiş silahlarını tədarük edir. Hətta Türkiyə də Azərbaycanın müasir silahlara olan tələbatını ödəmək iqtidarında deyil. Çünki Azərbaycan Türkiyədən bu və ya digər müasir silahı satın almaq istəyən zaman belə məlum olur ki, bu və ya digər sursatın mühərriki Almaniyadan, naviqasiya texnikası və elektronika isə ABŞ tərəfindən tədarük olunur, həmin ölkələr isə onun tədarükü üçün üçüncü ölkə ilə müqavilə imzalanması isə qadağan edilir. Buna görə də, Azərbaycan yüksək texnologiyalı, müasir silah-sursat istehsal edən real tədarükçü olan İsraillə işbirliyi qurur. Bununla yanaşı, Azərbaycanla İsrail arasındakı münasibətlər qarşılıqlı mənfəətə əsaslanır. Aydın məsələdir ki, İsraildən tədarük olunan silah-sursat müdafiə xarakterlidir. Azərbaycan özünün hava hücumundan müdafiəsini gücləndirir ki, bu da Azərbaycan tərəfinə ədavətli münasibət göstərənlərin imkanlarını və planlarını azaltmağa xidmət edir. Buna görə də, Azərbaycanla İsrail arasında hərbi sahədə əməkdaşlığın qarşılıqlı şəkildə inkişaf etdirilməsi, nə Rusiya, nə də İran üçün heç bir təhlükə yaratmır”. PƏRVANƏ



Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar