12px14px16px18px

Oqtay Əsədov: “İşğalçı Ermənistan sülhə məcbur edilməlidir”

11:45 / 27.04.2012
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefort Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. O. Əsədov qonağa Azərbaycanda həyata keçirilən islahatlar, Avropaya inteqrasiyanın sürətləndirilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı layihələrində fəal iştirak edir. O.Əsədovun dediyinə görə, Avropa İttifaqının nümayəndə heyətlərinin tez-tez Azərbaycana səfər etmələri də çox müsbət haldır: “Bu həm əməkdaşlığımızın daha da genişlənməsi, həm də bəzi problemlərin öz həllini tapması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Avronest Parlament Assambleyasının ikinci sessiyası da Azərbaycanda çox yüksək səviyyədə keçirildi və mühüm qərarların qəbul olunması ilə yadda qaldı. Bu da bizim tərəfdaşlığımızın və hər iki tərəf üçün faydalı əməkdaşlığımızın bariz nümunəsidir”. Spiker eyni zamanda diqqətə çatdırıb ki, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələr bizim tərəfimizdən çox yüksək qiymətləndirilir: “Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qəbul edilir və dəstəklənir, Ermənistan işğalçı dövlət kimi tanınır və onun işğal etdiyi torpaqları azad etməsi bir şərt olaraq qoyulur. Amma beynəlxalq təşkilatların öz qərarlarının icrasına nəzarət etməməsi təəssüf hissi doğurur. Düşünürük ki, işğalçı kimi tanınmış Ermənistan sülhə məcbur edilməlidir”. Söhbət zamanı O. Əsədov Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcəyinə ümidvar olduğunu bildirib.Yenidən Azərbaycana səfər etməsindən məmnun qaldığını deyən Filip Lefort Azərbaycanın Avropa İttifaqı üçün çox önəmli tərəfdaş olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir və biz önəmli hesab etdiyimiz tərəfdaşımızı dəstəkləməyə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində ona köməklik göstərməyə hazırıq. Xüsusi nümayəndə həmçinin bildirib ki, Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, ədalətli həllində maraqlıdır: “ Biz artıq bununla bağlı mövqeyimizi açıq şəkildə bəyan etmişik. Avropa İttifaqı bölgədəki mövcud vəziyyətdən ciddi narahatçılıq keçirir. Hesab edirik ki, mövcud status-kvo dəyişməli, problem tezliklə öz ədalətli həllini tapmalıdır. Bölgədə münaqişənin yenidən alovlanması yolverilməzdir”. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. KAMİL



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar