12px14px16px18px

Millət vəkili: “Azərbaycan son illərdə dünyanın idman sahəsində yüksələn ulduzlarından biridir”

11:45 / 27.04.2012
“İdman bütün dünya vətəndaşları üçün o qədər əhəmiyyətli bir hal alıb ki, irq, din, dil və cinsiyyətindən asılı olmayaraq, hamımız üçün bənzərsiz bir dostluq, barış platformasına çevrilib. Məhz bu platforma üzərində yeni əməkdaşlıqların təməli qoyulur, sərhəddə bir-birinə güllə atan insanlar bir arenada bir-birlərinin əlini sıxırlar. İdman hamımızın gələcəyi olan gənclərin sağlam, bütün pis vərdişlərdən uzaq formalaşması üçün əsas yaradır, bununla da bizim də gələcəyimizə töfhələr verir”. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində “Yaxşı təşkilatçılıq və idman etikası” mövzusunda keçirilən müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, sözügedən təşkilatın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib. Millət vəkili deyib ki, amma idmanın bu xoş gözləntilərimizi qarşılaması, ona olan ümidlərimizin özünü doğrultması üçün düzgün, doğru və ədalətli şəkildə idarə olunması həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, idman düzgün idarə olunmayanda, çirkli insanların iş və gəlir yerlərinə çevriləndə çox təhlükəli fəsadlar yaradır ki, bunun da başında xuliqanizm dayanır. Bu mənfi meyllərin 1980-ci illərdə idmana, həmçinin, insanlara vurduğu zərərləri xatırladan S. Qafarova əlavə edib ki, bu gün təmiz idman üçün risklər daha da artıb: “Qeyri-qanuni fiksasiyanın, idmanın beynəlmiləlçi, barışcıl və ədalətlilik ruhuna xələl yetirən zərərli fəaliyyətin önünə keçmək ilk növbədə hər bir dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir”. Daha sonra son dövrlər Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurları haqqında da məlumat verən millət vəkili S. Qafarovanın dediyinə görə, Azərbaycanda görülən işlər doğru idarə olunduqda və hökumət düzgün qərarlar qəbul etdikdə idman sahəsində nə qədər əhəmiyyət uğurların qazanılması üçün yaxşı bir örnək ola bilər. Millət vəkilinin fikrincə, Azərbaycan son illərdə dünyanın idman sahəsində yüksələn ulduzlarından biridir. “Bunu həm təşkilati cəhətdən ölkədə yaradılan şərait, həm də beynəlxalq yarışlarda qazanılmış nailiyyətlər sübuta yetirir. Son illər Azərbaycan bir çox beynəlxalq yarışlara, o cümlədən, Boks, Güləş, Taekvando, Gimnastika üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Xoşdur ki, bu il 17 yaşlı qadınlar arasında futbol üzrə Dünya çempionatı da məhz Azərbaycanda keçiriləcək. Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyinə namizədliyini irəli sürüb. Bu gün Azərbaycanın iqtisadi imkanları, infrastruktur layihələri, regionun əsas güc mərkəzi olması bu möhtəşəm tədbirə də ən yüksək səviyyədə ev sahibliyi etməyə imkan verir” – deyə, millət vəkili S. Qafarova əlavə edib. Kamil HƏMZƏOĞLU



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar