12px14px16px18px

Aynurə Piriyeva: “ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi məzunların və yerli icmaların fəaliyyətinə dəstəyini davam etdirəcək”

00:36 / 26.04.2012
“ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi qeyri- hökümət təşkilatı olaraq dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrları bir araya gətirir”. Bu barədə jurnalistlərlə görüşündə Birliyin sədri Aynurə Piriyeva deyib. O bildirib ki, təşkilat 2003-cü ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən proqramların məzunlarını bir çətir altına yığmaq, ölkəmizin inkişafı üçün onların bilik və bacarıqlarını istifadə etmək məqsədi ilə aktiv məzunlar tərəfindən yaradılıb. “2003-cü ildən bəri təşkilatımız çox dəyişib. Yəni vətəndaş cəmiyyətində aktiv və ən dayanaqlı təşkilatlardan birinə çevrilib. Hazırda Azərbaycanda 3 minə yaxın məzunları var. Bu gün bu məzunlar dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrlardır. Hazırda ABŞ təhsilli Azərbaycan məzunları dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında və iri şirkətlərdə çalışaraq ölkəmizin inkişafına töhfə verirlər”, – deyə A.Piriyeva bildirib.
O vurğulayıb ki, hazırda təşkilat vətəndaş cəmiyyətində ən aktiv və dayanıqlı fəaliyyət göstərən təşkilatlardan birinə çevrilib.
A.Piriyeva bildirib ki, Birlik məzunların bir-biriləri ilə şəbəkələşməsi üçün şərait yaradır və eyni zamanda ABŞ-da təhsil almaq proqramları və imkanları barədə gəncləri məlumatlandırır: “Təşkilatımız hamı üçün açıq olan məşğələlər, müzakirə klubları təşkil edir, xaricdən mühazirəçilər dəvət edir, müəyyən informasiya xarakteri daşıyan tədbirlər təşkil edir. Həmçinin Birlik ABŞ-da təhsil alıb qayıdan məzunlarla əlaqə qurur, onları təşkilata qoşulmağa dəvət edir və onların qazandıqları təcrübələri buradakı gənclərlə bölüşməsinə imkan yaradır”.A.Piriyeva deyib ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də məzunların ABŞ-dan qayıdandan sonra inkişafına dəstək vermək, onların işlə təmin olunmasına kömək göstərməkdir. Bu məqsədlə Birlik yerli və xarici şirkətlərlə, sahibkarlarla əlaqələr qurur, danışıqlar aparır.
Təşkilatın həyata keçirdiyi lahiyələrdən danışan A.Piriyeva indiyə kimi 100-dən artıq layihənin həyata keçirildiyini vurğulayıb.
3 əsas layihə barədə danışan təşkilat rəhbəri deyib ki, bunlardan biri “Reach the Regions” layihəsidir. Layihənin əsas məqsədi məzunların rayonlardakı gənclərlə bilik və bacarıqlarını bölüşdürməyə şərait yaratmaqdır. İkinci layihə “Alumni Corps of Teachers” adlanır ki, bunun da çərçivəsində məzunlar rayonlarda, məktəblərdə və universitetlərdə ingilis dili dərsi keçirlər. Bu layihə çərçivəsində demək olar ki, bütün rayonlara səyahət edilib.Onun sözlərinə görə, təşkilat hələ ki, Bakıda fəaliyyət göstərir, amma rayonlardakı Amerika mərkəzləri ilə sıx işləyirlər. Bu mərkəzlər 7-dək rayonu əhatə edir. O, ən maraqlı layihələrdən biri kimi “Azerbaijan Business Case Competition”u vurğulayıb. Deyib ki, bu layihə ölkənin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirak etdiyi ənənəvi bir müsabiqədir.
“Müsabiqədə tələbələr maliyyə, mühasibatlıq, marketinq, texnologiya və idarəetmə sahələrində əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edirlər və onları Azərbaycanın iş adamlarından ibarət olan münsiflər heyətinə təqdim edirlər”.
Təşkilat rəhbəri deyib ki, bul il müsabiqədə 11 universitetdən 75 komanda iştirak edib və onlardan yalnız 16-sı final mərhələsinə çıxmağa nail olub.
Bütün komandalar 5 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat bacarıqları və s. movzularda ABŞ təhsilli məzunlar tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Təşkilat tərəfindən “Context” adlı jurnal nəşr edilir.
Jurnal bir çox sahə və nəzəri aspektlər üzrə müasir siyasi və hazırkı analitik işlərin tam spektrini əks etdirir. Jurnalist məzunlara öz bilik və bacarıq imkanlarını bölüşdürmək imkanı verir. Jurnal Azərbaycan dilində nəşr edilir. Təşkilat 2011-ci ildə Avropa Məzunlar Birliklərinin Şəbəkəsinin (European Network of Alumni Association) yaradılmasında iştirak edib. Qarşıdakı aylarda isə təşkilat tərəfindən bir neçə layihə həyata keçiriləcək. Belə ki, “Bakı Hüquq Jurnalı”nın nəşri nəzərdə tutulub. Kommersiya hüququndan bəhs edən jurnal may ayından nəşrə başlayacaq.
Həmçinin məzunların layihələrinə dəstək vermək məqsədilə karyera mərkəzi, “Alumni Fund” yaratmağı planlaşdırılır.
A.Piriyeva onu da deyib ki, təşkilat gələcəkdə də fəaliyyətini iki istiqamətdə davam etdirəcək. Bunlar məzunların dəstəklənməsi, yerli icmaların fəaliyyətinə dəstəkdir.
PƏrvanƏ



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar