12px14px16px18px

“Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

00:36 / 26.04.2012
Pasiyentin hüquqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Tibb müəssisəsi tərəfindən pasiyentlərə bütün növdə zəruri tibbi yardım, bununla əlaqədar xidmətlər bərabər səviyyədə təqdim edilir. Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin dünən keçirilən iclasında “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsinin ilkin variantının müzakirəsi zamanı sözügedən komitənin sədri Hadi Rəcəbli dilə gətirib. Onun sözlərinə görə, yeni qanun 32 maddədən ibarətdir. Komitə sədri qeyd edib ki, qanun layihəsinə görə, bir vaxtda bir neçə pasiyentə tibbi yardımın göstərilməsi lazım olduğu hallarda hüquq bərabərliyini pozan amillərin təsiri yolverilməzdir: “Tibb işçisi tibbi yardımın göstərilməsi ardıcıllığını müəyyənləşdirərkən yalnız tibbi göstərişlərə əsaslanmalıdır. Tibb müəssisələrində pasiyentlərə eyni vaxtda bərabər müalicə təmin oluna bilmədikdə, həkim tərəfindən seçilmiş müalicə tibbi nöqteyi-nəzərdən əsaslandırılmalıdır”. Komitə sədrinin sonra qeyd etdiyinə görə, yeni qanun layihəsində qeyd olunur ki, pasiyentin hüquqları onun özü tərəfindən, həmçinin 16 yaşına çatmamış və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər barəsində isə onların valideynləri, yaxud digər qanuni nümayəndələri tərəfindən həyata keçirilir. H.Rəcəbli eyni zamanda deyib ki, qanun layihəsində qeyd olunur ki, pasiyent tibbi müdaxilə ilə əlaqədar fəaliyyət qabiliyyəti olan istənilən şəxsə öz hüquqlarının həyata keçirilməsini həvalə edə bilər: “Bu halda pasiyentin maraqlarının müvəkkilliyi ölkə qanunvericiliyinə müvafiq qaydada təsbit olunmuş etibarnamə ilə təsdiq edilir”.
KAMİL




Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar