12px14px16px18px

Rüstəm Məmmədov: “Xəzərin statusunun müəyyən edilməsi üçün ilk növbədə bu dənizdə beynəlxalq təhlükəsizliyi təmini tələb olunur”

11:38 / 25.04.2012


“İqtisadi cəhətdən möhkəmlənməkdə olan dövlət ilk növbədə təhlükəsizliyini təmin etməyə, mümkün xarici təhlükələrdən müdafiə olunmağa çalışır. Azərbaycan, Türkmənistan və Qazaxıstanı iqtisadi planda uğur qazanmış dənizyanı ölkələr sırasına aid etmək olar”.
Bu açıqlama ilə Xəzər problemləri üzrə ekspert Rüstəm Məmmədov çıxış edib. O bildirib ki, Xəzəryanı ölkələr bir-birlərinə o qədər də etibar etmirlər. Bu səbəbdən onların dəniz, neft-qaz sərvətlərinin təhlükəsizliyini təimn etmək məqsədi ilə öz Hərbi Dəniz Qüvvələrini silahlandırmasını anlayışla qarşılamaq olar: “Bu dəniz hövzəsinin hüdudları xaricindən də Xəzəryanı dövlətlər üçün təhlükənin olduğunu nəzərə almaq lazımdır. Eyni zamanda, son vaxtlar üçüncü ölkə tərəfindən təhlükə artmaqdadır.Ona görə, bu vəziyyətdə Xəzəryanı dövlətlərin öz təhlükəsizliklərini təmin etmək məsələləri ilə bağlı narahatçılığını anlayışla qarşılamaq lazımdır. Azərbaycan, Türkmənistan və Qazaxıstan uzun müddət onların sərhədlərinin və ərazi bütövlüyünün təhlükəsizliyini təmin edən Rusiyaya etibar etmir.
Çünki, hazırda Rusiyanın başı öz problemlərinin həllinə qarışıb. Ona görə, hər bir Xəzəryanı ölkə öz dəniz sərhədlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələni müstəqil olaraq həll etmək məcburiyyətindədir və bu səbəbdən də silahlanır”.
Xəzərdə bu regiona adiyyəti olmayan dövlətin hərbi qüvvəsinin olmasının nə dərəcədə real olmasına toxunan ekspert deyib ki, bu məsələlər Xəzəryanı dövlət başçılarının Tehran və Bakı sammitləri zamanı müzakirə olunub: “Xəzəryanı dövlətlər bununla əlaqədar olaraq 18 noyabr 2010-cu il tarixində Xəzər dənizinin təhlükəsizliyinə dair saziş imzaladı. Bu sənəddə göstərilir ki, onu imzalayan tərəflər milli təhlükəsizliklərinin müdafiəsi üçün üçüncü qüvvəni dəvət etməyəcək.Bu saziş region üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki hansısa dövlət bu sənədin müddəalarını pozarsa və sənədə məhəl qoymayaraq üçüncü dövləti Xəzərə dəvət edərsə, o zaman sənədin müvafiq müddəaları digər dənizyanı dövlət tərəfindən də pozulacaq. Bu nəinki nizamsız silahlanma yarşına, eyni zamanda real nəticələrə də gətirib çıxaracaq. Bu zəmində münaqişələrin baş verməsi tamamilə mümkündü. Xəzəryanı dövlətlərin üçüncü ölkənin Xəzər hövzəsinə buraxılmaması məsələsində yekdil olması məmuniyyət hissi oyadır”.
R.Məmmədov deyib ki, təkcə Azərbaycan deyil, Türkmənistan və Qazaxıstan da Xəzərdə silahlanmaqdadır: “Eyni zamanda, Rusiya Xəzərdə özünün ikinci hərbi-dəniz bazasını tikməyə başladı. Bununla yanaşı, İran gəmilərinin bir hissəsini Xəzər dənizi hövzəsinə göndərir. Başqa sözlə desək, Xəzəryanı dövlətlərin hamısı Xəzərdə hərbi yumruğun gucləndirilməsi ilə məşğuldur”.
Ekspert Xəzər dənizinin statusunun müəyyən edilməsi probleminin yaxın gələcəkdə öz həllini tapacağına ümid etmir: “Mən apardığım elmi tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişəm ki, dənizyanı ölkələrin Xəzərin statusunu müəyyən etməsi üçün onların ilk növbədə bu dənizdə beynəlxalq təhlükəsizliyi təmin etməsi tələb olunur. Xəzər dənizində beynəlxalq təhlükəsizlik təmin olunmayınca dənizin statusu üzrə razılaşma əldə etmək mümkün olmayacaq.
Düzdür, 18 noyabr 2010-cu tarixində tərəflərin Xəzər dənizinin təhlükəsizliyinə dair imzaladığı saziş var. Lakin, bu saziş amorf mahiyyət daşıyır. Çünki, burada hərbi-siyasi təhlükəsizlik məsələləri müəyyən olunmayıb. Bu halda, Xəzər dövlətləri regionda təhlükəsizliyə dair razılıq əldə etməyincə hərbiləşməkdə davam edəcəklər”.
PƏRVANƏ




Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar