12px14px16px18px

Əli Əhmədov: “Bəşəriyyət erməni ideologiyasının yalan üzərində qurulduğunu birdəfəlik dərk etməlidir”

00:57 / 25.04.2012
Dünən Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə uydurma “erməni soyqırımı”na dair dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən YAP-ın icra katibi-sədr müavini, millət vəkili Əli Əhmədov bildirib ki, YAP uydurma “erməni soyqırımı”nın ildönümü ərəfəsində ənənəvi olaraq belə konfranslar keçirir: “Tədbirin mahiyyəti soyqırımı iddialarının tamamilə yalan və iftira əsasında qurulduğunu bir daha bəyan etməkdən ibarətdir. Tarixdə çox yalanlar olub. Ancaq hesab edirəm ki, yaşadığımız bölgənin həyatında ən böyük yalan, iftira və ədalətsizlik bu uydurma “erməni soyqırımı”dır. Yüz ildən çox müddətdir ki, yaşadığımız bölgədəki narahatçılıqlar, təlatümlər, müharibələr, xalqlar arasındakı düşmənçiliklər əsl bu ideologiyadan qaynaqlanır və xalqlara, insanlara əzab-əziyyət gətirir. Hesab edirəm ki, bəşəriyyət nəhayət etibarı ilə bu ideologiyanın yalan üzərində qurulduğunu birdəfəlik dərk edərək ona son qoymaq üçün ciddi addımlar atmaqdadır”.
O, qeyd edib ki, “erməni soyqırımı” yalanlarının kökündə insanlar arasında nifrət yaymaq istəyi durub: “Həmin ideologiyanın sifətini müəyyənləşdirən onun antitürk, antiazərbaycan mövqeyində dayanmasıdır. Hər bir Türkiyə və Azərbaycan vətəndaşının müqəddəs vəzifəsi bu yalanların qarşısını almaqdan ibarət olmalıdır. Hesab edirəm ki, dünyanın hər bir yerində istər türklər, istər azərbaycanlılar, istər qüdrətli düşünən hər bir insan kimliyindən asılı olmayaraq bu uydurma, ziyanlı, insanlığa qarşı çevrilmiş ideologiyaya sinə gəlməli və ona yox deməlidir”.
Milli Məclisin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə qeyd edib ki, qondarma “erməni soyqırımı”nın ifşası istiqamətində atılan addımlar artıq öz nəticəsini verməkdədir: “Xocalı soyqırımı ilə bağlı Taksim meydanında keçirilən aksiya və Bakıda Xocalı yürüşü bunun bariz nümunəsidir. Biz bu istiqamətdə mübarizəmizi davam etdirməliyik”. Onun sözlərinə görə, qondarma “soyqırımı” məsələsi təkcə ermənilərin deyil, müəyyən xarici qüvvələrin də marağındadır. O, qeyd edib ki, tarixin saxtalaşdırılmasına bəzi dövlətlər tərəfindən dəstək verilməsi, əslində, bundan sonra da bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirir.
Milli Məclisin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyeva isə çıxışında bildirib ki, ermənilər 100 il əvvəl müharibə, xəstəlik və digər fövqəladə hallar zamanı həlak olmuş insanları soyqırımı aktı kimi dünyaya təqdim etməyə çalışır. “Alimlər və tədqiqatçıların araşdırmalarında tam sübuta yetirilib ki, “erməni soyqırımı” baş verməyib. Soyqırımı terminin dəqiq tərifi var və o zaman baş verən hadisələr heç cür soyqırımı tərifinə uyğun gəlmir. Yəni, birmənalı olaraq deyə bilərəm ki, bu Osmanlı İmperiyası tərəfindən etnik mənsubiyyətinə görə insanları məhv etmə siyasəti olmayıb. Əslində o vaxtı çox mürəkkəb vəziyyət yaranıb və Türkiyə dövləti məcburiyyət qarşısında qalaraq Van ətrafındakı erməniləri köçürmək qərarına gəlib. Köç zamanı insanların bir qismi epidemiyalardan, bir qismi silahlı münaqişələr zamanı, bir qismi isə qida çatışmamazlığı üzündən həlak olub. Hazırda ermənilər o vaxtı həlak olanların sayını 1,5 milyona çatdırıb, əslində isə o zaman Van ətrafında cəmi 150 min erməni yaşayıb” ,- deyə millət vəkili sözlərinə əlavə edib.
Dəyirmi masada çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç erməni saxtakarlığına qarşı aparılan mübarizədə göstərilən dəstəyə görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirib. 2005-ci ildə Ermənistana arxivləri açaraq müştərək komissiya yaratmaq təklifini verdiklərini xatırladan səfir Ermənistanın bundan hələ də imtina etdiyini deyib. “Biz öz tariximizlə qürur duyuruq”, deyə o əlavə edib.Türkiyə və Azərbaycanın bu məsələdə birgə mücadilə apardığını vurğulayan H.Kılıç tədbirdə irəli sürülən təklifləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin qondarma “soyqırımı” iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır. Qeyd olunub ki, uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilibsə, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı yönəlib. Bildirilib ki, Azərbaycanın dostuna qarşı çevrilmiş qərar həm də Azərbaycana qarşı yönəlmiş qərardır. Məhz buna görə də, saxtakarlara və onların havadarlarına qarşı mübarizə birlikdə, yəni hər iki qardaş xalqın qüvvələri birləşdirilərək aparılmalıdır.
Tədbirə yekun vuran YAP sədrinin müavini Əli Əhmədov aparılan müzakirələrin gələcək fəaliyyət üçün uğurlu olacağını, riyakar düşmənin ifşası üçün bundan sonra da davamlı birgə mübarizənin aparılacağını bildirib. Onun sözlərinə görə, Türkiyənin getdikcə güclənməsi bəzi qüvvələri narahat edir. Qondarma “soyqırımı”nın ideya deyil, saxtakarlıq olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, Türkiyə və Azərbaycanın bu saxtakarlığa qarşı qətiyyətli mübarizəsi erməni yalanlarını dünyada ifşa edəcək.
PƏRVANƏ



Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar