12px14px16px18px

Rəbiyyət Aslanova: “İnformasiya məkanını xarici təsirlərdən qorumaq dövlətin prioritet sahələrindəndir”

00:56 / 25.04.2012

“İnformasiya, xüsusilə də müasir sivilizasiyada insan varlığının həyati vacib şərtidir. Adətən, informasiya sözü işlədiləndə –dəqiqlik və tamlıq kimi tələblər yada düşür. Amma onun təhlükəsizlik kimi fundamental meyarı nəzərdən kənarda qalır. Hər şey əslində buradan başlayır”. Bu barədə mətbuata açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
O bildirib ki, dünyada mövcud olan hər bir vasitə, proses və ya hadisə kimi informasiyanın da insana həm mənfi, həm də müsbət təsirləri olur: “Yəni ən mühüm məsələ həmin vasitənin kim və nə məqsədlə-xeyir və ya şər üçün istifadə edilməsidir. Yaxşı olardı ki, informasiyanın mürəkkəb mahiyyəti, faydası və zərəri haqqında daimi olaraq maarifləndirmə işləri aparılsın”.
Millət vəkili deyib ki, Azərbaycan İKT-nin inkişafına görə regionda lider dövlətdir. “Azərbaycanda demək olar ki, hər 20 nəfərdən biri “Facebook” istifadəçisidir. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları 2010-2011” adlı hesabatında bildirilir ki, Azərbaycan İKT-nin inkişafına görə 138 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Əvvəlki illərdə olduğu kimi, Dünya İqtisadi Forumunun sonuncu hesabatında da Azərbaycan region ölkələri arasında öz lider mövqeyini qoruyub”.
Millət vəkili deyib ki, informasiya təhlükəsizliyi olduqca geniş, çoxşaxəli anlayışdır: “Fiziki təhlükəsizlik, lokal və qlobal təhlükəsizlik, texnologiya riskləri və s. Təsəvvür edək ki, bu gün internetdə başqasının şəxsi səhifəsinə giriş, parolunun sındırılması çox asandır. Hətta internetdən başı çıxmayan adam belə istənilən kompyuter xidmətinə müraciət edib bunu həyata keçirə bilər. Müəllif hüquqlarının pozulması, intellektual mülkiyyətə müdaxilə, saytları dağıtmaq, iflic vəziyyətə salmaq, məxfi məlumatların oğurlanması və başqalarının hesabına girməklə məşğul olur. Ona görə də, Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi Kiber cinayətkarlıq haqqında konvensiya məhz informasiya təhlüksizliyini təmin etmək məqsədi daşıyır. Azərbaycan da 2008-ci ildə bu konvensiyaya qoşulub”.
R.Aslanova əlavə edib ki, Azərbaycanda ölkənin təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir: “Müvafiq texniki, kadr potensialı var və hər hansı müdaxilə əlaqədar strukturlar və mütəxəssislər tərəfindən dəf edilir. Bununla belə, son illər olduqca sürətli inkişaf edən sosial şəbəkələr və onların internet istifadəçilərinin dünyagörüşü, intellektual səviyyəsi zərərli və müsbət tendensiyaları, çağırışları görmək üçün yetərlidir. Azərbaycan prezidenti aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətinin milli təhlükəsizliyini təmin edən çoxşaxəli amillərə öz nitqində xüsusi yer ayırmış, informasiya təhlükəsizliyini “çox aktual” problem adlandırıb. Dövlət başçısı nitqində informasiya məkanımız üçün təhdid olan qüvvələrin konseptual mənzərəsini vermiş, bizə qarşı informasiya müharibəsi aparıldığını vurğulayıb”.
O bildirib ki, qloballaşan dünyada informasiya təhlükəsizliyi və milli kimliyə çağırışlar özü də ayrıca problemdir. “XXI yüzilliyin reallığında milli şüurumuza yol göstərmək iddiasında olan yad ideya və təlimlər dövlətçilik idealımız və dəyərlərimizi düşünərək seçməyimizi təmin edən mənəvi təməllərin daha da möhkəmləndirilməsini tələb edir. İnformasiya sivilizasiyasının mövcud reallığı və milli dövlətçiliyin yeni mərhələsi dövlət inkişafının bütün istiqamətlərində müvafiq yeni siyasi davranış üsullarının tətbiqini gündəmə gətirir. Fasiləsiz olaraq dəyişən reallığın mənəvi süzgəcdən keçirilərək çevik dəyərləndirilməsi ən vacib məsələlərdəndir.
Biz hələ 2008-ci ildə informasiya və psixoloji təhlükəsizlik haqda qanunun qəbul edilməsi barədə təklif vermişik. Təklif mənim tərəfimdən irəli sürülüb və “İnformasiya təhlükəsizliyi haqqında” Qanunun qəbul edilməsini və bu sahədə informasiya ombudsmanının təsis edilməsini qeyd etmişəm. Azərbaycana xarici ölkələrdən daxil olan çoxlu sayda qəzet və jurnalların ekspertizasını aparsaq, görəcəyik ki, burada çoxlu məqamlar var ki, insanların beyninə yad və yanlış ideyalar yeridilir. Əgər cəmiyyətdə milli düşüncəyə, mənəviyyata, tarixə xələl gətirə bilən hər hansı bir ideyalar yayılırsa və bu insanların şüuruna hakim kəsilirsə, qloballaşan dünyada insanı milli sərvətlərdən, mənliyindən, kimliyindən uzaqlaşdıran ideyaların qarşısı alınmalıdır”. Komitə sədri deyib ki, “Psixi sağlamlıq və psixi təhlükəsizlik haqqında qanun”un qəbulu da çox vacib məsələdir. Dünyanın 35 ölkəsində belə qanun qəbul olunub. İnkişaf etmiş dövlətlərdə bu qanundan irəli gələn məsələlər çox geniş formada həyata keçirilir. ABŞ-da bu istiqamətdə ildə milyardlarla dollar pul ayrılır. Burada TV məkanından internet istifadəsinə qədər bütün sahələrdə insanların hüquqları qorunması nəzərdə tutulur”.
PƏRVANƏ



Bu yazı ( 76 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar