12px14px16px18px

İsrailin XİN başçısı Azərbaycan rəhbərliyi ilə danışıqlar apardı

AVIQDOR LIBERMAN: “AZƏRBAYCAN PREZIDENTI VƏ XARICI IŞLƏR NAZIRI ILƏ GÖRÜŞLƏRDƏ İRANLA BAĞLI MƏSƏLƏNI DƏ MÜZAKIRƏ ETDIK”

01:27 / 24.04.2012
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də İsrailin baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Aviqdor Liberman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb. Liberman əlaqələri daha da genişləndirməyin vacibliyini qeyd edib.
Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti də vurğulandığı görüşdə israilli nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən məmnun olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Elmar Məmmədyarov israilli həmkarına Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib.
Aprelin 23-də Aviqdor Liberman “Xabad-Or-Avner” təhsil mərkəzində Azərbaycandakı yəhudi dini icmalarının rəhbərləri ilə görüş keçirib. O bildirib ki, Azərbaycanda bütün dini icmaların sərbəst şəkildə fəaliyyət göstərdiyi bu mühiti alqışlamaq lazımdır: “Biz Azərbaycanla münasibətlərimizdən razıyıq.
Bu, təkcə mövcud əlaqələrdən deyil, həm də tarixi bağlılıqdan qaynaqlanır. Qubanın Qırmızı qəsəbəsində yəhudilərin yaşaması Azərbaycanın antisemitizmin heç vaxt olmadığı ölkə kimi xarakterizə etməyə imkan verir”.
“İsrailin Azərbaycan ərazisində öz hərbi bazalarını yerləşdirməsi barədə xəbərlər əsassızdır”.
Bunu Aviqdor Liberman APA-nın sualını cavablandırarkən deyib: “Bu kimi xəbərlər elmi fantastika sahəsinə aiddir və həqiqətə uyğun deyil. Belə xəbərləri zəngin fantaziyaya sahib olan insanlar yazırlar”.
O, Azərbaycanla İsrail arasında münasibətlər son dərəcə yaxşı qurulduğunu vurğulayıb: “Bizim qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var”.
XİN başçısı ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: “Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, “Eurovision” kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir”.




Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar