12px14px16px18px

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildi

DƏYİŞİKLİKLƏRƏ ƏSASƏN, SİYASİ PARTİYALARIN MALİYYƏLƏŞMƏSİ ÜÇÜN HƏR İL DÖVLƏT BÜDCƏSİNDƏN VƏSAİT AYRILACAQ

07:37 / 21.04.2012
Milli Məclisin plenar iclasında millət vəkilləri “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişiklikləri qəbul ediblər.
Qanun layihəsi haqqında danışan komitənin sədri Əli Hüseynli məlumat verib ki, qanuna təklif olunan əlavəyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Həmçinin qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir. Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Həmçinin qanuna təklif olunan əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək. Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, qanunun “Siyasi partiyaların fəaliyyət formaları” maddəsində qeyd olunur ki, partiyalar vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmalıdır. Yeni qanun layihəsində göstərilir ki, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirələrə çıxarılmasını Azərbaycanda hakimiyyətin siyasi islahatlara başlamaq cəhdi kimi qiymətləndirən millət vəkili, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, yeni variantda siyasi partiyaların maliyyələşdirilməsi mexanizmi yenidən işlənilməlidir. Onun sözlərinə görə, parlamentdən kənarda qalan, lakin tarixi ənənəsi olan partiyalar, o cümlədən də “Müsavat” Partiyası da dövlət maliyyələşməsinə cəlb olunmalıdır: “Müsavat” Partiyası tarixi ənənəsi olan bir partiyadır. Onsuz da dövlət “Yeni Müsvat”, “Azadlıq” qəzetlərinə dövlət yardımı ayırır. Belə olan halda “Müsavat” kimi partiyanın dövlət maliyyələşməsindən kənarda qalması nə dərəcədə düzgündür, və yaxud Azərbaycanın Xalq Cəbhəsi Partiyasının? Onu da qeyd edim ki, bugünkü AXCP Əbülfəz Elçibəyin rəhbərlik etdiyi partiya deyil.
Bu partiya xarici ölkələrin Azərbaycandakı səfirliklərinin partiyasıdır. Onlar bu partiyaya, eləcə də onun nəzarətində olan qəzetlərə ordan-burdan pul tapıb kömək edirlər, yəni, olmazdımı ki, elə bu yardımı dövlət özü etsin”.
F.Mustafanın fikirlərinə münasibətini bildirən spiker Oqtay Əsədov qeyd edib ki, hakim partiya ilə digər partiyaları müqayisə etmək düzgün deyil: “Yeni Azərbaycan” Partiyası böyük, güclü partiyadır və o, son parlament seçkilərində də qalib gələrək, Milli Məclisdəki yerlərin böyük əksəriyyətini əldə edib. İndi ona ayrılması nəzərdə tutan maliyyə ilə digər partiyalara ayrılacaq maliyyəni, o cümlədən, parlamentdən kənar qalan partiyaların bu prosesə cəlb olunmasını bir biri ilə eyniləşdirmək olmaz.
Heç parlamentdəki digər partiyaların çoxu da 3%-lik baryeri keçməyiblər. Ona görə, qanun layihəsində siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmini ədalətli hesab edirəm”.
Millət vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə yeni qanun layihəsində partiyaların təsisçiliyinin sadələşdirilməsinin vacibliyini qeyd edib. Millət vəkilinin dediyinə görə, eyni zamanda, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmi də yenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Bununla yanaşı, o, qanun layihəsində ianələrlə bağlı gizlilik prinsipinin saxlanılmasını təklif edir.
Millət vəkili, “Ədalət” Partiyasının sədri İlyas İsmayılov qeyd edib ki, yeni qanun layihəsi ölkədə siyasi partiyaların inkişafına öz müsbət töhfəsini verəcək. İ.İsmayılov eyni zamanda bildirib ki, ölkədə siyasi sistemin, çoxpartiyalılığın inkişafı üçün proporsional seçki sisteminin bərpasına da qayıdılmalıdır.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı təklif edib ki, son beş il ərzində seçkilərə – bələdiyyə, parlament və prezident seçkilərinə qatılmayan partiyaların qeydiyyatının ləğv olunması məsələsi yeni qanun layihəsində əksini tapsın.
Millət vəkili iddia edib ki, bu təcrübə dünyanın bir çox ölkələrində də var: “Mən eyni zamanda hesab edirəm ki, partiyaların təsisi və qeydiyyatı məsələsində belə bir məqam da əksini tapsın ki, ölkənin regionlarının ən azı 3-dən 2-ni əhatə edən partiyalar siyasi partiyalar hesab olunsun”.
Hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə bildirib ki, müzakirəyə çıxarılan sənəd 1992-ci ildə qəbul olunan sənəddən tamam fərqlənir: “Demək olar ki, köhnə qanundan əsər-əlamət qalmayıb. Onun bütün müddəaları dəyişdirilib. Bu baxımdan, təklif edirəm ki, bu, dəyişikliklər layihəsi kimi yox, yeni qanun layihəsi kimi təqdim və qəbul olunsun”.
Millət vəkili Sahib Alıyev deyib ki, küçə mitinqləri dövlətin zəifliyi kimi qəbul edilir. O, bildirib ki, siyasi mübarizənin parlament çərçivəsinə gətirilməsi üçün dövlət büdcəsindən maliyyələşməsi tətbiq olunur.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov qeyd edib ki, dəyişikliklərin əsas əhəmiyyətlərindən biri partiyalara dövlət büdcəsindən vəsait ayrılmasıdır. Onun sözlərinə görə, dünya təcrübəsində maliyyələşmədə ictimai etimad prinsipi əsas götürülür. “Maliyyə yardımı zamanı bərağərlik prinsipi, yaxud sosial yardım prinsipi özünü doğrultmayıb. Parlamentdə 81 millət vəkili Yeni Azərbaycan Partiyasına, 13 deputat digər partiyalara mənsubdurlar. Təklif edilən prinsiplə maliyyə yardımının 44,6 faizi Yeni Azərbaycan Partiyasına, 54,4 faizi digər partiyaların payına düşür. Bu, ədalətsizdir. Lakin mən prezidentin məqsədini də başa düşürəm. Bir məqamı da qeyd edim. Parlamentdə nümaynədəsi təmsil olunan bir partiya 3-7 faiz alırsa, amma bunun müqabilində parlamentə düşməyən partriyaya 10 faiz maliyyə ayrılması da ədalətsizdir. Digər tərəfdən, Azərbaycanda müharibə təbliğatı yoxdur, ədalətli həllin təbliği var”.
Spiker Oqtay Əsədov deyib ki, maliyyə məsələsini bir kənara qoyaq: “Yeni Azərbaycan Partiyasının ürəyi çox genişdir. Yəqin ki, bu maliyyə yardımı müxalifət partiyalarının da qəlbini genişləndirər”.
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, parlamentə düşməyən, 3 faizdən çox səs alan partiyalar arasında vəsaitlərin qazanılmış səslərə uyğun bölünməsi düzgün deyil.
“Çünki dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölünür, 50 faiz deputatların sayına görə ayrılır. Belə olan halda niyə parlamentdən kənardakı partiyalar arasında 10 faiz vəsait seçkidə toplanmış səslərə görə bölünməlidir”.
Siyavuş Novruzov Müsavat Partiyasının maliyyələşmə məsələsinin ayrıca nəzərdə tutulması barədə Fazil Mustafanın təklifini məqbul saymayıb. “Partiya tarixi ola bilər, amma bu adamlar tarixi deyil. Müsavat Partiyasının adını mənimsəyiblər”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 188 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar