12px14px16px18px

Parlament Seçki Məcəlləsinə dəyişiklikləri qəbul etdi

07:30 / 21.04.2012
Milli Məclis plenar iclasında Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri qəbul edib. Dəyişikliklərlə bağlı deputatları Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tanış edib. Əlavə və dəyişikliyə əsasən, müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etməlidirlər (mövcud qanunvericilikdə bu müddət 48 saat müəyyən edilib). Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Təklif olunan dəyişikliyə görə, hər bir şikayət üzrə qərar həm də səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Mövcud qanunvericilikdə qeyd olunub ki, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar.
Yeni təklifə görə, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizəsinə isə dərhal baxmalıdırlar. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir. Yeni qanun layihəsində isə qeyd olunub ki, belə qərar həmçinin şikayət daxil olduğu gündən səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) qəbul edilməlidir.
Qanun layihəsində daha sonra təklif olunub ki, ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
Mövcud qanunvericilikdə bu müddət 24 saat müəyyən edilir.
Təklif olunur ki, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Mövcud qanunvericilikdə bu müddət 20 gün müəyyən edilib.
Digər dəyişikliyə görə, Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mövcud qanunvericilikdə bu müddət 30 gün göstərilir.
Kamil HƏMZƏOĞLU




Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar