12px14px16px18px

Vətəndaşın torpağını dövlətin necə alacağı müəyyənləşdi

QƏZALI VƏZİYYƏTƏ DÜŞƏN BİNALARIN SATIŞI QAYDALARI DA TƏSDİQLƏNDİ

07:29 / 21.04.2012
Dünən dövlət ehtiyacları üçün torpaqların alınması və qəzalı binaların hərraca çıxarılması, müvafiq dövlət qurumu tərəfindən alınması ilə bağlı 14 qanunvericilik aktına müvafiq dəyişikliklər edilib. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev Meşə və Torpaq məcəllələrinə dəyişikliklər barədə məlumat verib. Torpaq Məcəlləsinə dəyişiklər torpaqların dövlət ehtiyacı üçün alınması qaydalarını tənzimləyir. Başqa sözlə, hüquqi və və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları üçün alındıqda onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alan müəssisə, idarə və ya təşkilatın, yaxud müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənir. Qarşılıqlı razılıq əsasında mülkiyyətçiyə və istifadəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Mülki Məcəlləyə dəyişikliyin də analoji məzmunda olduğunu bildirib: “Torpağın dövlət tərəfindən alınması qaydaları ilə bərabər qəzalı vəziyyətə düşən binalarla bağlı məsələlər də Mülki Məcəllədə əksini tapacaq. Əgər bina qəzalı vəziyyətdədirsə, bazar qiyməti əsas götürülməklə hərraca çıxarılacaq. Satılmasa, təkrar hərracda 15 faiz aşağı qiymətlə hərraca çıxarılacaq. Hərrac baş tutmamış elan edildikdə 60 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı həmin qəzalı binanı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alır”.
Millət vəkili Vahid Əhmədov deyib ki, dövlət məmuru binanın qiymətini müəyyən edə bilməz: “Dövlət qurumuna torpağı, binanı almaq üçün 90 gün vaxt verilməsi mürtəce haldır. Əvvəlki qanunda ödəmə nəzərdə tutulduğu halda mübahisə düşürdü, necə olacaq. İndi dövlət qurumu mülkiyyəti nəzarətinə keçirə və deyə bilər ki, qanunla mənə 90 gün vaxt verilib”.
Millət vəkili Əli Məsimli deyib ki, məmur-vətəndaş münasibətlərində informasiya texnologiyalarından istifadə edilməsi problemlərin həllində ciddi rol oynaya biləcək.
Kamil HƏMZƏOĞLU




Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar