12px14px16px18px

Oqtay Əsədov: “Eurovision” yarışmasını Azərbaycan çox uğurla keçirəcək”

07:28 / 21.04.2012
“Eurovision” müsabiqəsini siyasiləşdirməyə cəhd etməkdənsə, hansısa beynəlxalq təşkilat və ya səfirliyin qarşısında Qarabağın işğalı məsələsini qaldırmaq daha vacibdir. Bu fikirləri dünən parlamentin plenar iclasında çıxışı zamanı hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov dilə gətirib. “Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qüvvələri, onların nəzarətində olan mətbuat orqanları bəzi “hüquq müdafiəçiləri” və onlara kənardan himayədarlıq edən qurumlar bu məsələni kənara qoyub Azərbaycan əleyhinə antitəbliğatla, danosbazlıqla, “siyasi məhbuslar” problemini qaldırmaqla məşğuldurlar”.
Millət vəkilinin fikrinə görə, “Eurovision” kimi nüfuzlu yarışmanı siyasi şouya çevirmək cəhdləri iflasa məhkumdur. “Bu adamlar deyirlər ki, “Eurovision” yarışması günləri əyinlərinə “Siyasi məhbuslara azadlıq” şüarı yazılan köynəklər geyinib etiraz aksiyası keçirəcəklər. Yaxşı olmazdımı ki, onlar bu cür ucuz hərəkətlər etməkdənsə, Azərbaycanı gözdən salmaqdansa, hansısa bir beynəlxalq təşkilatın və ya səfirliyin qarşısında əyinlərinə “Qarabağa azadlıq!” yaxud bir şəhidin şəkli olan köynəyi geyinib beynəlxalq aləmə öz etiraz səslərini ucaldardılar. Ancaq çox təəssüflər olsun ki, onları belə məsələlər maraqlandırmır. Onlar bu məqsədlərinə də nail ola bilməyəcəklər. Azərbaycanda nə uydurma “siyasi məhbus”, nə də “vicdan məhbusları” var. Azərbaycanda belə bir problem yoxdur”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə parlamentin 2 aprel 2011-ci il mitinqinə görə həbs olunan məhbusları ilə bağlı amnistiya aktı qəbul etməsini təklif edib. “Konkret olaraq 2 aprel məhbuslarının bir çoxu cəzalarının 1/3 hissəsini çəkiblər. Təklif edirəm ki, həmin şəxslərin azadlığa buraxılması ilə bağlı parlament öz səlahiyyətləri çərçivəsində konkret addımlar atsın”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da öz növbəsində bildirib ki, siyasi və vicdan məhbusları adlandırılan şəxslərlə bağlı problem tezliklə həll olunmalıdır. Millət vəkilin qeyd etdiyinə görə, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri var və bu baxımdan da həmin öhdəliklərə riayət olunmalıdır. “Xüsusilə, “Eurovision” kimi nüfuzlu beynəlxalq musiqi yarışması ərəfəsində Azərbaycanda bu yöndə problemlərin olması heç cür qəbul olunan və başa düşülən deyil. Hökumət bu məsələdə məsuliyyətini başa düşməli və mövcud problemləri aradan qaldırmalıdır”.
Millət vəkillərinin fikirlərinə münasibətini açıqlayan spiker Oqtay Əsədov isə millət vəkili S.Novruzovun “Eurovision”la bağlı fikirlərini dəstəklədiyini bildirib. “Eurovision” musiqi yarışması çox nüfuzlu bir tədbirdir və əmin edirəm ki, həmin yarışma Azərbaycanda çox uğurla keçəcək. Eyni zamanda, ümummilli liderimizin bir kəlamını xatırlatmaq istəyirəm ki, “Onların arzuları gözlərində qalacaq!”
Millət vəkili Fuad Muradov Azərbaycan gənclərinin “Eurovision” müsabiqəsində aktiv iştirak edəcəyini və kimlərinsə bu tədbiri pozmasına yol verməyəcəklərini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı “Eurovision” mahnı müsabiqəsinin hansı hakimiyyətin dövründə keçirilməsindən asılı olmayaraq, Azərbaycanın uğuru olduğunu bildirib.
Milli Məclisin birinci vitse-spiker Ziyafət Əsgərov isə siyasi məhbus məsələsi ilə bağlı məsələyə cavab verib. Birinci vitse spiker ümumiyyətlə vicdan, siyasi məhbus anlayışlarının olmadığını bildirib. O, qeyd edib ki, bu anlayışlardan istifadə olunması Azərbaycanın inkişafının qarşısını almaq üçün təzyiq yollarından biridir. “Bizim Avropada dəfələrlə hüquqşünas alimlərlə söhbətimiz olub. Onlara demişəm ki, hansı ölkənin qanunvericiliyində belə anlayış var? Hüquqşünasıq, gəlin normativ hüquqi sənədlərlə danışaq”. O Bakıda aparılan işlərin “Eurovision” müsabiqəsi ilə əlaqələndirilməsini düzgün saymayıb. “Bu, prezidentin təsdiq etdiyi sosial-iqtisadi proqramların yerinə yetirilməsidir. Bu, musiqi yarışmasına kölgə salınmasıdır. Siyasi məhbus məsələsinin qaldırılması, “Eurovision” mahnı müsabiqəsini siyasiləşdirmək, Azərbaycanın uğuruna kölgə salmaq düzgün deyil”- o əlavə edib.
Kamil HƏMZƏOĞLU






Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar