12px14px16px18px

Sahibə Qafarova: “AŞPA-nın sessiyasında ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr barədə çıxışlar olacaq”

07:28 / 21.04.2012
Aprelin 23-27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası keçiriləcək. Ancaq bu sessiyanın gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməyib. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib. Onun sözlərinə görə, AŞPA-nın yaz sessiyasında qurumun vitse-prezidentləri seçiləcək, AŞPA Bürosunda və daimi komitədə Rusiyada prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq.
Millət vəkili qeyd edib ki, gündəliyə, həmçinin, Avropa Şurasının cənub qonşuluğunda gender bərabərliyi və qadınların statusu, idmanda etika və effektiv idarəetmə, oyunların fiksasiyası məsələləri, onlayn kütləvi informasiya vasitələri və internetdə söz azadlığını ifadə etmək hüququnun müdafiəsi, Şimali Qafqaz regionunda məcburi köçkünlərin durumu, iqtisadi və maliyyə böhranı ilə əlaqədar pensiyaların azaldılması problemi daxil edilib:
“Təbii ki, həm mən, həm də nümayəndə heyətimizin digər üzvləri qaldırılan bütün məsələlərlə bağlı fikirlərimizi bildirəcək, müvafiq təkliflərimizi səsləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan dövlətinin apardığı işğalçı siyasətin ifşasına nail olmaq, bu məsələnin Azərbaycana və ümumilikdə, regionun inkişafına yaratdığı təhlükələr və fəsadlar haqqında Avropa ictimaiyyətini məlumatlandırmaqdır.
Bu sessiyada da bununla bağlı işlər davam etdiriləcək. Həmçinin, Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə aparılan demokratik islahatların mövcud nəticələri, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr barədə də çıxışlar olacaq”.
Kamil HƏMZƏOĞLU





Bu yazı ( 149 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar