12px14px16px18px

Fazil Mustafa: “ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyət limiti tükənib”

07:24 / 21.04.2012
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyət limiti tükənib. Yəni, münaqişənin həlli ilə bağlı sözügedən qurumdan hər hansı bir ciddi nəticə gözləmək inandırıcı görünmür”.
Millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında bu fikirləri səsləndirib.
O deyib ki, sadəcə olaraq beynəlxalq təşkilatlara münaqişənin olduğu kimi saxlanması üçün nəzərdə tutulan bir mexanizm olaraq yarıyır: “Ona görə də ATƏT-in Minsk qrupunun formatını dəyişmək imkanlarımızda məhdudur. Buna görə də səylərimizin bir nəticə vermədiyini etiraf etməliyik. Bütün hallarda biz iri formalar üzərində düşünməliyik. Çünki əks halda bu kimi məsələlərdə bizim uğur qazanmağımız çətin ola bilər. Bu format Azərbaycan tərəfinin xeyirinə düşünülmüş bir format deyil. Bütövlükdə işğalçı ölkə olan Ermənistanın əlində torpaqları rəsmləşdirmədən belə saxlamağa xidmət edən bir alətdir. Bu formatın dəyişilməsi üçün hansı mümkün vasitələr varsa, onun üzərində ciddi şəkildə düşünməliyik”.
Millət vəkili deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və ABŞ-dan aslıdır. Çünki bu Rusiyanın və ABŞ-ın birlikdə qurduğu bir layihədir: “Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Xüsusi olaraqda Azərbaycanın qanuni hüquqlarının bərpasını istəmirlər. Yəni, sözügedən iki dövlətin hədəfi Ermənistan tərəfini haqlı çıxarmaq və işğalçı ölkənin maraqlarını müdafiə etməkdir. Bunu da etmək üçün bütün vasitələrdən istifadə etməkdədilər. O cümlədən ATƏT-in Minsk qrupunu da əlaltı bir qurum kimi öz işlərinin həyata keçirilməsi üçün istifadə edirlər”.
Onun fikrincə, ATƏT-in Minsk qrupu ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib. O bildirib ki, artıq Azərbaycan açıq şəkildə öz səsini ucaltmalı və Minsk qrupuna qarşı artıq iradə nümayiş etdirməlidir. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupu soyqırımına, ermənilərin törətdikləri vəhşiliklərə dair lazımi qiymət verməlidir: “Əks təqdirdə Azərbaycan xalqına öz müqəddaratını və ya müstəqilliyini sərbəst şəkildə həll etmək üçün imkan yaradılmalıdır. Atəşkəs dövründə dinc sakinlər qətlə yetirilir. 9 yaşlı Farizin timsalında uşaqların, dinc sakinlərin qətlə yetirilməsi heç də təsadüfü yox, ermənilərin apardığı etnik təmizləmə, soyqırımı siyasətinin bariz göstəricisidir. Artıq hər şey adı və ünvanı ilə deyilməlidir. Biz qətiyyətlə faşizmə “yox” deyirik. Ermənilərin tarix boyu törətdikləri vəhşiliklərə faşistlikdən başqa ad qoymaq mümkün deyil. Tez bir zamanda bunların qarşısı alınmalı və faşistlər öz layiqli qiymətlərini almalıdır. Biz də bu gün öz üzərimizə düşən məsuliyyəti dərk edərək lazımi işlərimizi görməliyik”.
PƏrvanƏ



Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar