12px14px16px18px

Kristian Vigenin: “Bu yeni və unikal təşəbbüs Avropa qitəsi üçün daha bir faydalı vasitə olduğunu sübut etdi”

10:40 / 20.04.2012
“Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyası indiyə qədər olan ən uğurlu sessiya oldu. Demokratiya, enerji, ticarət və vətəndaş cəmiyyəti üzrə dörd mühüm məruzə qəbul edildi. Komitə və plenar iclaslarda əhəmiyyətli müzakirələr aparıldı”. Bu barədə Avronest PA həmsədri Kristian Vigen Bakı sessiyasının yekunları barədə danışarkən deyib. O tədbirə medianın buna çox böyük marağı olduğunu, bunun isə çoxtərəfli parlament əməkdaşlığında əldə edilən irəliləyişləri insanlara çatdırmaqda kömək etdiyini bildirib: “Avropa Parlamentinin və Şərq Əməkdaşlığı ölkələrinin parlament üzvlərini bir araya gətirən bu yeni və unikal təşəbbüs Avropa qitəsi üçün daha bir faydalı vasitə olduğunu sübut etdi. K.Vigen Azərbaycanın və Ermənistanın parlamentariləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında olan əlaqənin Qarabağ münaqişəsinin həllində rolundan da danışıb: ”Dağlıq Qarabağ Cənubi Qafqazın açıq yarasıdır və biz hamımız onun sağalmasını istəyirik. Gərginliyi artırmaqla heç nəyə nail olmaq olmaz. Zorakılıqla uzunmüddətli sülhə nail olmaq olmaz. Buna görə də mən düşünürəm ki, dialoq üçün bütün imkanlar dəstəklənməlidir, çünki bu yolla Ermənistan və Azərbaycan arasında daha çox etimad və anlaşma qurmaq olar. Hər iki ölkənin güclü iddiaları var və qəflətən birinin o biri ilə tam razılığa gəlməsini gözləmək olmaz. Yalnız hər iki tərəfin kompromisi bu ağrıya son qoya bilər, lakin bu yalnız daha çox oyunçuların – siyasətçilərin, ictimai liderlərin, QHT fəallarının, sənətkarların və başqalarının dialoqa girişməsi ilə mümkündür. Qeyd etmək istərdim ki, erməni nümayəndəsi tam olaraq bu sessiyada iştirak etməklə çox konstruktiv bir addım atdı. Təsəvvür edin ki, bu irəlidən gələn 6 may seçkiləri ilə bağlı siyasi nöqteyi-nəzərdən, həmçinin onların fiziki təhlükəsizliyi baxımından elə də asan addım deyildi. Onların reaksiyası əsasən onunla bağlı idi ki, prezident Qarabağ münaqişəsinə münasibət bildirmək üçün Avronest PA-nın platformasından istifadə etdi. Lakin onların sərbəst şəkildə narazılıqlarını bildirmək üçün imkanı var idi. Mən belə hesab edirəm ki, bizim “Avronest” PA çərçivəsində qurduğumuz etimadın bir parçası həm erməni, həm də azərbaycanlı deputatların ifrat reaksiyalardan uzaq olmasına və sessiyanın sonunadək birgə konstruktiv iş aparmalarına kömək etdi”. Avropa İttifaqının Qafqazdakı münaqişələrin həllində fəal iştirak etmək potensialına malik olmasına toxunan müsahib deyib ki, Minsk qrupunun işini dəstəkləyir və bu formatda Avropa İttifaqının rolunu artıra biləcək hər hansı bir dəyişikliyin edilməsi ilə bağlı niyyət yoxdur: “Aİ zəif gücdür və bizim niyyətimiz müxtəlif dərəcələrdə daha çox iştirak etməkdir – regional və sərhədlərarası əməkdaşlıqdan tutmuş artan ticarət imkanları və demokratiya və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı etimadın yaradılması tədbirlərinə dəstək olmaq. Yaxşı nümunələrin və müsbət nailiyyətlərin artması daha çox etimad qazandıra, son kompromis üçün güclü təkan ola və hər iki xalqın bu kompromislə razılaşmasına gətirib çıxara bilər”. PƏRVANƏ  


Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar