12px14px16px18px

Bakıda Venesiya Komissiyasının QHT-lərlə bağlı rəyinin təqdimatı keçirildi

AB-nin SƏFİRİ ROLAND KOBİA HAKİMİYYƏT TƏMSİLÇİLƏRİNİN TƏQDİMATA QATILMAMALARINDAN MƏYUS OLDUQLARINI BİLDİRİB

10:36 / 20.04.2012

Avropa Şurası Venesiya Komissiyası Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanun layihəsinə dair rəyini dünən Bakıda keçirilən konfransda təqdim edib. APA-nın məlumatına görə, konfransda giriş nitqi söyləyən Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Konstantinos Erokostopulos bildirib ki, QHT-lərin formalaşması insan hüquqlarının əsas aspektlərindən biridir. O, Avropa Şurası və Avropa Birliyinin təşkil etdiyi birgə tədbirin ölkədə QHT sektorunun inkişafına kömək göstərəcəyinə ümidvar olduğunu deyib. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia qeyd edib ki, AB vətəndaş cəmiyyətinə və QHT sektoruna böyük önəm verir: “Bizim üçün onlar təkcə cəmiyyətin mühüm təbəqəsi deyil, həm də qərarların qəbuluna təsir edən təbəqəsidir”. Roland Kobia QHT-lərin qeydiyyat prosesinin çox mühüm olduğunu vurğulayıb: “Azərbaycanda bəzi QHT-lər hələ də bəzi problemlərlə üzləşirlər. Başa düşürük ki, bu ləng prosesdir, bütün problemləri birdən həll etmək olmaz. Biz Azərbaycanın bu problemlərin həlli istiqamətində irəliləyişlərə nail olan ölkə kimi görmək istəyirik”. Səfir tədbirə dəvət olunan hakimiyyət nümayəndələrinin seminara qatılmamasından təəssüfləndiyini bildirib: “Mən bunun səbəbini bilmək istərdim. Çünki bu tədbir dialoq üçün meydandır. Təəssüf ki, hakimiyyət nümayəndələri bu seminarda iştirak etmirlər”. Roland Kobia bildirib ki, AB “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyətinin inkişafı istiqamətində səylər göstərir. Bundan başqa “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətlərinin birgə forumu yaradılıb ki, bu forumun da məqsədi həmin ölkələrin vətəndaş cəmiyyəti üzvləri arasında əməkdaşlığı inkişaf etdirməkdir. ATƏT-in Bakı Ofisinin nümayəndəsi Monika Martines qanunun effektiv həyata keçirilməsinin zəruriliyini vurğulayıb və təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərdən söz açıb. Daha sonra ekspert Ceremi Makbrayd və Venesiya Komissiyasının nümayəndəsi, Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanun layihəsinə hazırlanmış rəyin həmmüəllifi Veronika Bilkova rəyi konfrans iştirakçılarına təqdim ediblər. Qeyd edək ki, bu rəy ötən il oktyabrın 14-15-də Venesiya Komissiyasının 88-ci plenar sessiyasında qəbul olunub. Rəydə bildirilir ki, bir çox ölkələrdə QHT-lərin qeydiyyatı kifayət qədər formal prosedurdur, Azərbaycanda müvafiq qanuna 2009-cu ildə edilmiş düzəlişlər və 2011-ci ildə təqdim olunan qanun layihəsi onsuz da uzun çəkən və mürəkkəb qeydiyyat prosesini daha da çətinləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyatı üçün tələb olunan şərtlər öz-özlüyündə problemlidir. Qanun layihəsində QHT-lərin məsuliyyəti və buraxılmasına dair maddəyə gəldikdə, Venesiya Komissiyası hesab edir ki, bu qanun Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsi (toplaşmaq və birləşmək hüququ) ilə ziddiyyət təşkil edir. Xatırladaq ki, ötən ilin iyununda AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinin sədri Venesiya Komissiyasına müraciət edərək Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanun layihəsinin insan haqları standartlarına uyğunluğuna dair rəy verməsini xahiş edib. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə APA-ya açıqlamasında bildirib ki, rəylə bağlı Şuranın ciddi araşdırması olub: “Rəydə elə məsələlər var ki, müzakirə oluna bilər. QHT-lərin qeydiyyatı ilə bağlı qanunda hər hansı dəyişiklik baş verməyib. Qanunvericilikdə məsələlər hansı vəziyyətdə idisə, o vəziyyətdə də qalır. Amma qeydiyyatla bağlı müəyyən təkmilləşdirmələr aparıla bilər. Mən bunu bir neçə dəfə demişəm. Qeydiyyatı təkcə Bakı şəhərində yox, Azərbaycanın digər bölgələrində, ən azı aparıcı şəhərlərdə həyata keçirmək olar. Yaxud da qeydiyyatın müddətini azaltmaq mümkündür. Qeydiyyat üçün maksimum müddət 30 gündən artıq nəzərdə tutulmaya bilər. Hazırda kommersiya təşkilatlarını vahid pəncərə sistemi ilə qeydiyyata alırıq. Gələcəkdə qeyri-kommersiya təşkilatlarının da qısa müddət ərzində vahid pəncərə sistemi ilə qeydiyyatını həll edə bilərik. Əslində, qeydiyyat sırf texniki məsələdir və onun olmaması təşkilatın fəaliyyətini qadağan etmir. Bəzi QHT-lər ümumiyyətlə qeydiyyata alınmaqda maraqlı olmurlar. Çünki qeydiyyata alınandan sonra vergi, sosial müdafiə, maliyyə orqanlarına hesabatlar verməlidirlər. Rəydə qeyri-dəqiq təkliflər də yer alıb. Orda göstərilib ki, “Fondun təmsilçisi 2 və ya daha artıq adam ola bilməz” ifadəsi doğru deyil. Amma Azərbaycan qanunvericiliyində belə ifadə yoxdur. Rəydə reallığı əks etdirməyən məqamlar var”. A. Quliyev deyib ki, AB təmsilçilərinin hakimiyyət təmsilçilərini rəyin təqdimatında iştirak etməməkdə qınaması doğru deyil: “Beynəlxalq təşkilatların həyata keçirdiyi layihələr o vaxt effekt verəcək ki, o tədbirlər əvvəlcədən hakimiyyət nümayəndələri ilə müzakirə olunsun. Birtərəfli şəkildə tədbirlərin keçirilməsi uğurlu nəticələrə gətirib çıxarmır. Prosesin işçi mərhələsində hakimiyyət təmsilçilərinin iştirakını təmin etmək lazımdır. Bəzən hakimiyyəti qonaq kimi dəvət edirlər, bəlkə həmin vaxt onların proqramları dolu olur? Mən də bu tədbirdə iştirak edə bilmədim, çünki daha vacib görüşüm vardı”.  


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar