12px14px16px18px

Bakı “907”nin qüvvədə qalmasından təəssüflənir

MALIYYƏ NAZIRI SAMIR ŞƏRIFOV: “AZƏRBAYCAN ABŞ-IN STRATEJİ TƏRƏFDAŞIDIR VƏ “907-Cİ DÜZƏLİŞ”İN HƏLƏ DƏ QÜVVƏDƏ QALMASI İKİ DÖVLƏT ARASINDAKI MÜNASİBƏTLƏRƏ ADEKVAT DEYİL”

10:34 / 20.04.2012

ABŞ-ın paytaxtı Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın 3-cü iclası işinə başlayıb. APA-nın xəbərinə görə, iclasda Azərbaycanı maliyyə naziri və Komissiyanın Azərbaycan tərəfindən həmsədri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Toplantı da Azərbaycanın maliyyə naziri ilə ABŞ dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilir. İclasda giriş sözü ilə çıxış edən həmsədr R.Hormats iki ölkə arasındakı əlaqələrdən danışıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib. Komissiyanın işinin qarşılıqlı əlaqələrin inkişafına xidmət etdiyini deyən R. Hormats Azərbaycanın son illərdəki iqtisadi göstəricilərinə nəzər salıb. Dövlət katibinin müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar iqtisadi uğurlar əldə olunmasına imkan yaradıb: “Azərbaycanın iqtisadi uğurları Dünya Bankının 2011-ci il üzrə hesabatlarında əksini tapıb, ölkədəki iqtisadi dinamizm bankın ekspertləri tərəfindən də yüksək qiymətləndirilib. ABŞ Azərbaycanda vətəndaşların maraqlarına xidmət edən müasir iqtisadiyyatın inkişafını alqışlayır”. R. Hormatsın sözlərinə görə, iki ölkə arasında təkcə enerji sektorunda deyil, qeyri-neft sektorunda da əlaqələrin genişlənməsinə ehtiyac var. Dövlət katibinin müavini Azərbaycanın coğrafi mövqeyinin və beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətinin də diqqət çəkən olduğunu vurğulayıb: “ABŞ-dan olan iş adamları Azərbaycanda müxtəlif sahələrə investiya qoymaqda maraqlıdırlar. Bunun üçün, ilk növbədə, milli strategiyanın yaradılması vacibdir”. Azərbaycanın maliyyə naziri Samir Şərifov isə çıxışında iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev hökumətlərarası komissiyanın üzvlərinə ABŞ-la Azərbaycan arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırıb”. “Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil” deyən nazir ABŞ-ın “Azadlığın dəstəklənməsi aktı”na 1992-ci ilin oktyabrında əlavə edilmiş “907-ci düzəliş”in hələ də qüvvədə olmasından təəssüfləndiyini vurğulayıb. S. Şərifov Azərbaycanla ABŞ-ın təhlükəsizlik və enerji üzrə strateji tərəfdaş olduğunu da xatırladıb: “ Lakin buna baxmayaraq, Azərbaycana qarşı diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələbləri də hələ də aradan qaldırılmayıb. Çünki bu düzəlişin bir sıra ölkələrə şamil olunması və digərlərinə aid edilməməsi suallar yaradır”. Nazir Dövlət Departamentinin Konqres qarşısında məsələ qaldıraraq, bu düzəlişin ləğvinə nail olmasının vacibliyini qeyd edib. Daha sonra müzakirələr başlayıb. Müzakirələrdə ABŞ-la Azərbaycan arasında iqtisadi sahədəki əlaqələr, münasibətlərin inkişafı üçün yaradılmış hüquqi baza, siyasi və iqtisadi əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğu, yüksək səviyyəli qarşılıqlı səfərlər edildiyi bildirilib.


Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar