12px14px16px18px

“Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparılır”

MÜBARİZ ƏHMƏDOĞLU: “İRANIN BU HƏRƏKƏTLƏRİ AZƏRBAYCANIN DİNDAR VƏTƏNDAŞLARINDA DÖVLƏTƏ QARŞI İNAMSIZLIQ YARATMAQ MƏQSƏDİ DAŞIYIR”

10:21 / 20.04.2012
 
 
 
İran Azərbaycana qarşı ittihamlarından əl çəkmir. Bu ölkənin rəsmiləri, eləcə də media qurumları Azərbaycanı müxtəlif dini məsələlərdə qınayaraq, ölkəmizin İslama zidd adımlar atdığını bəyan edirlər. Artıq İran “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə də kampaniya başlayıb.
 
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bütün bu addımların məqsədli şəkildə atıldığını deyib. Politoloqun sözlərinə görə, İranda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə həyata keçirilən kampaniya Azərbaycana təzyiq göstərmək, guya ölkəmizin islami dəyərlərdən geri çəkildiyi haqqında rəy formalaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, İran bu hərəkətləri Azərbaycanın dindar vətəndaşlarında dövlətə qarşı inamsızlıq yaratmaq məqsədi daşıyır: “İranın dini dairələri əhaliyə belə bir ideya təlqin edirlər ki, guya “Eurovision-2012” zamanı Azərbaycanda gey-parad keçiriləcək və bu məsələ hakimiyyət və cəmiyyət tərəfindən dəstəklənir. İranın www.ansar-tabriz.com saytının məlumatına görə, Ruhullah Becani İran prezidenti Əhmədinecata məktub yazaraq bildirib ki, 26 mayda sünni Azərbaycanda gey-parad keçiriləcəyi təqdirdə, biz Təbriz əhalisi ilə Azərbaycanın bu şəhərdəki konsulluğunu bağlayacağıq. Lakin faktlar göstərir ki, İranın özündə seksual inqilab yaşanır. 2011-ci ildə bu ölkədə seksual zəmində 1950 cinayət işinə baxılıb. Onlardan 1410-u uşaqbazlıq və eynicinslilərin seksual əlaqələri barədə olub. Maraqlıdır ki, bu halların böyük hissəsi İranın Qum şəhərində baş verib.
 Əldə olunan məlumatlara görə, Qum homoseksualizm və uşaqbazlığın ən geniş yayıldığı İran şəhəridir. Yeri gəlmişkən, “sünni Azərbaycan” termini İran-Ermənistan əməkdaşlığının məhsuludur. İran saytları farsca antiazərbaycan yazılar yazır. İranın Ermənistandakı səfirliyinin erməni əməkdaşları bu yazıları rus dilinə tərcümə edir, sonra rusdilli erməni saytlarında yerləşdirilir. Bu proses İranın prezident aparatı və İranın Bakıdakı mədəniyyət mərkəzinin rəhbəri Ocaq Necat tərəfindən koordinasiya edilir. Ermənilər İsrailə hörmət əlaməti olaraq rus dilində “sionist” terminini “sunnit” termini ilə əvəzləyirlər. Nəticədə, İranın dediyi “sionist Azərbaycan” ermənilərin tərcüməsində “sünni Azərbaycana çevrilir”.
 
Politoloqun fikrincə, Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin keçirilmə müddəti yaxınlaşdıqca bəzi ölkələrdə və qüvvələrdə narahatlıqlar artır: “Bu narahatlıqların içərisində hər növü vardır. İrandan olan narahatlıq, narazılıq bir ayrı cürdür. Yarışmanın keçirilməsinə 40 gündən də az vaxt qalıb, amma ortalıqda hansısa bir gey-parada hazırlığın real əlamətləri yoxdur. Təxminən 6-7 ay bundan qabaq kimsə, hansısa bir saytda məlumat yayılıb, sonra da dərhal təkzib olunsa da, İran üçün hələ də bu məlumat qüvvədədir. İranın mətbu orqanları zurna-kəranay orkestri düzəldib gecə-gündüz Bakıda gey-paradla bağlı çalsalar da, ortalıqda bir şey yoxdur, bu məlumatın mənbələri sırasına yenisi qoşulmur. O baxımdan İran özü ara-sıra Azərbaycanda gey-paradın keçiriləcəyi ilə bağlı fikirləri gündəliyə gətirir. www.ansar-tabriz.com saytında yazılanlara da bu qəbildən yanaşmaq daha düzgündür. Azərbaycanda gey-parad olmayacaq, bu, dəqiqdir. Çünki ölkənin və millətin sahibi var və o, bu məsələyə münasibətini bildirib. Kimsə gey-parad imitasiyası yarada bilər. İstisna deyil ki, İran İslam Respublikasından kimsə gey-parad imitasiyasında iştirak edə bilər, çünki statistikalar İranın gey-paradın təşkili üçün bazasının olduğunu göstərir. Bu ölkənin gey-parad təşkilində marağı da göz qabağındadır. İranın bəzi din xadimlərinin və yaxud din adından danışanlarının əcaib məntiqi vardır. Yuxarıda göstərdiyimiz statistika islami dəyərdən danışan bir dövlət üçün faciədir. Və ya İran parlamentinin müvəqqəti kəbin – siğə ilə bağlı qəbul etdiyi qanun İranın həm etik-əxlaqi dəyərlərə, həm də qadınlara münasibətinin göstəricisidir. İran rəhbərliyinin, dini liderlərin xəbəri, sanksiyası olmadan parlamentdə müasir dövrdə müsəlman qadınını fahişəliyə sürükləyən belə bir qanun qəbul edilə bilməzdi. Hətta qırmızı fənərli Amsterdamda qadınların cinsi istismarı reqlamentləşdirilib. Yəni bir kişi ilə əlaqədə olan qadın digər kişi ilə 6 saat sonra əlaqədə ola bilər. İranda siğə haqqında qanun qadının cinsi istismarına reqlamenti qadağan edir. Şah dövründə İran xalqına cəmi bir şey qadağan olunmuşdu. Mollalar bundan istifadə edib şahı devirdilər: bu gün İranda əhaliyə Tasuada iştirak etmək qadağandır;  ilaxır çərşənbəni qeyd etmək günahdır; İran əhalisi hətta Quranın yandırılmasına etiraz edə bilməz”.
 M.Əhmədoğlu İranın dini liderlərinin Azərbaycanda gey-paradı bu qədər aktuallaşdırmasının digər məqamlarının ola biləcəyini də deyib: “İranda Azərbaycandakı gey-paradı İslam dininin vəziyyəti ilə əlaqələndirirlər. Fikrimizcə, düzgün yanaşmadır: Azərbaycanda gey-paradçılıq nə vəziyyətdədirsə, İranda da İslam dini o vəziyyətdədir.
 Azərbaycanda kifayət qədər tolerant, lakin öz dəyərlərinə, adət-ənənələrinə sadiq cəmiyyət mövcuddur. Azərbaycan cəmiyyəti və hökuməti heç bir halda gey-parad kimi milli mentalitetimizə, dinimizin tələblərinə zidd aksiyaların keçirilməsinə tərəfdar ola bilməz”.
 
AQİL


Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar