12px14px16px18px

Avropa Parlamentində Qarabağ müzakirəsi

02:22 / 19.04.2012
Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların gedişi müzakirə olunub. APA-nın Avropa bürosunun məlumatına görə, bu məsələ ilə bağlı qurumun xarici əlaqələr Komitəsi adından finlandiyalı deputat, xanım Anneli Jaatenmakinin bu ilin 27 mart tarixində hazırladığı qətnamə layihəsi müzakirə edilib. Avropa Parlamentinin bu gün keçiriləcək plenar iclasında assosiativ danışıqların gedişi ilə bağlı qətnamə layihəsi səsə qoyulacaq. Qeyd edək ki, AP-nin sessiyasında Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişi də müzakirə olunub. Hər iki ölkə üzrə hesabatın eyni gündə müzakirəsində məqsəd qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Avropa Parlamentinin daha fəal olduğunu nümayiş etdirməkdir.
Azərbaycanla bağlı müzakirələrdə ilk olaraq sözü alan məruzəçi xanım Anneli Jaatenmaki Azərbaycanın Avropa Birliyinin çox mühüm tərəfdaşı olduğunu bildirib: “Azərbaycan bu gün Avropa Birliyi ölkələrini enerji ehtiyatları ilə təmin edir. Azərbaycanla assosiativ saziş üzrə danışıqlar aparmağımız hər iki tərəf üçün əhəmiyyətlidir və burada hər iki tərəfin maraqları qorunur. Biz ümid edirik ki, apardığımız bu danışıqlar çərçivəsindəki tövsiyələrimiz regiona stabillik gətirə biləcək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəhayət sülh razılaşması əldə oluna biləcək. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə bu münaqişədən hər iki tərəf əziyyət çəkir. Təəssüf ki, ATƏT-in Minsk Qrupu tərəfindən aparılan hazırkı danışıqlar nəticəsində münaqişənin həllinə nail olunmayıb. Bununla belə, münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, Minsk Qrupu bu istiqamətdə öz səylərini daha da artırmalıdır. Eyni zamanda, münaqişə tərəfi olan Azərbaycan və Ermənistan da bu istiqamətdə səylərini artırmalı və yekun sülh razılığının əldə olunmasına daha çox maraq göstərməlidirlər. Bizim Azərbaycanla apardığımız danışıqlarda əlbəttə ki, yalnız enerji sahəsi məsələsi müzakirə edilmir. Biz bu ölkədə insan hüquqları sahəsindəki vəziyyəti də yaxından izləyirik. İnsan hüquqlarına hörmət edilmədən iqtisadi inkişafa nail olmaq mümkün deyil. Avropa Şurasının üzvü olan Azərbaycandan insan hüquqları sahəsində götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vacib bir məsələdir və bu ölkə hələ çox işlər görməlidir. Burada daha bir vacib məqam bu il Azərbaycanın “Eurovision” yarışmasına sahiblik etməsidir. Bir çoxları bu musiqi müsabiqəsinin Azərbaycanda keçirilməsini boykot etməyə çağırır. Amma hesab edirəm ki, bu, düzgün deyil. Təbii ki, ölkədəki insan hüquqları ilə bağlı vəziyyət diqqətdə olmalıdır. Digər tərəfdən, belə bir yarışma çərçivəsində avropalı gənclərin bir yerdə olması, bir-biri ilə mədəni mübadilələrin aparması da çox vacibdir”.
Daha sonra Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle də gündəlikdəki mövzu ilə bağlı fikirlərini bildirib. Cənab Füle bu yaxınlarda Bakıda olduğunu, həmçinin Brüsseldə Ermənistan prezidenti ilə görüşdüyünü xatırladıb, Avropa Parlamentinin hər iki ölkə ilə AB arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair hesabat hazırlanmasının mühüm olduğunu bildirib: “Bu gün bizim Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycan və Ermənistanla münasibətlərimiz ilk sırada olan məsələlərdəndir. Mən hər iki ölkənin rəsmləri ilə keçirdiyim görüşlərdə iki başlıca mesaj verdim. İlk olaraq, onu deyim ki, biz bu iki ölkə ilə aramızdakı münasibətləri daha da genişləndirməyə hazırıq. İkincisi isə, bizim arzumuz demokratiya, insan hüquqları, eləcə də münaqişənin həlli kimi bir neçə məsələlərlə bağlı konkret irəliləyişlərin əldə edilməsini görməkdir. 2010-cu ilin iyulunda başladığımız danışıqlar çərçivəsində Azərbaycanla bağlı artıq 5 plenar iclas keçirmişik və bu müddət ərzində müəyyən irəliləyişlərin olduğunu da qeyd etməliyəm. İqtisadi islahatlara dair 28 paraqrafdan ibarət sənədin 13 paraqrafı artıq Azərbaycanla razılaşdırılıb. Bundan başqa, siyasət, təhlükəsizlik, ədliyyə və azadlıqlar sahəsində də müəyyən müsbət nəticələr əldə olunub. Hesab edirəm ki, hər iki ölkə ilə Avropa Birliyi arasında assosiativ saziş üzrə aparılan hazırkı danışıqlar olduqca vacibdir və bizim bu iki ölkə ilə münasibətlərimizin dərinləşdirilməsində böyük rol oynayır. Bu sazişlər “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində hər iki ölkə ilə bir sıra ikitərəfli əlaqələri inkişaf etdirmək üçün lazımlı bir alətdir. Belə ki, bu gün Azərbaycanla Ermənistan arasında praktiki olaraq heç bir münasibət yoxdur. AB bu yaxınlarda sülh danışıqlarının çox ləng getməsi ilə bağlı öz narahatçılığını artıq ifadə edib. Bununla bağlı biz hər iki ölkəni Madrid prinsipləri üzrə razılığa gəlmək üçün bu istiqamətdəki səylərini artırmağa çağırmışıq. Bundan başqa, cəbhə xətti boyu baş verən xoşagəlməz hadisələr də bizi çox narahat edir. Buna görə də biz hər iki ölkə rəhbərliyini Minsk Qrupu çərçivəsində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməyə çağırırıq. AB də qarşılıqlı etimadın bərpa edilməsi və gücləndirilməsi üçün hər bir dəstəyi göstərməyə hazırdır. Bununla yanaşı, AB cəbhə xəttində baş verən hadisələri araşdırmaq üçün də öz yardımını göstərə bilər”.
Daha sonra Avropa Parlamentinin deputatları hər iki ölkə üzrə assosiativ saziş üzrə danışıqlarla bağlı müzakirələrə qatılıblar. Müzakirələrdə əsasən Azərbaycanda demokratiya, insan hüquqları, mətbuat azadlığı, eləcə də Azərbaycanla AB, AP, Avropa Şurası və digər Avropa institutları arasındakı münasibətlər kimi məsələlər qaldırılıb.
Xatırladaq ki, Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə 15 iyul 2010-cu ildə başlamış danışıqların son raundu 2011-ci ilin oktyabrında Bakıda keçirilib.




Bu yazı ( 137 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar