12px14px16px18px

“ATƏT-in Minsk qrupu buraxılsın!”

“AZƏRBAYCAN MİNSK QRUPUNUN ƏDALƏTSİZ VASİTƏÇİLİK MİSSİYASINDAN İMTİNA ETMƏLİDİR”

02:00 / 19.04.2012

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsüylə “ ATƏT-in Minsk qrupunun buraxılmasının zəruriliyi” mövzusunda dəyirmi masa keçirilib. Alyansın koordinatoru Azad İsazadə alyansda birləşən təşkilatların Qarabağın hərbi yolla azad olunması fikrini dəstəklədiyini bildirib, Minsk qrupunu fəaliyyətsizlikdə günahlandırıb: “ATƏT-in Minsk qrupu ya Azərbaycan üçün sərfəli olan sülh yolu modelini tapa bilmir, ya da bunu istəmir. 20 il ərzində aparılan danışıqların hələ də nəticəsiz qalması münaqişənin hərb yolu ilə həllini labüdləşdirir”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanın maraqlarına xidmət etdiyini bildirib. “Minsk qrupunun buraxılması məsələsi gündəmə gələn kimi Ermənistan tərəfi buna etirazını bildirir. Çünki indiki vəziyyət onlar üçün sərfəlidir. Bu qrup Azərbaycanı təslimçi sülhə təhrik edir, lakin Azərbaycan hakimiyyəti bütün təklifləri rədd edir. ABŞ, Rusiya, Fransanın Ermənistan maraqlarına xidmət etdiyi sirr deyil. Bu yaxınlarda Fransa parlamenti qondarma erməni soyqırımı məsələsini müzakirəyə çıxarmaqla əslində öz mənafeyini ortaya qoyaraq münaqişənin həllində səmimi olmadığını göstərdi”.
Alyansa fərdi şəkildə qoşulduğunu bildirən Azər Həsrət ATƏT-in Minsk qrupunun fəaliyyətinin mənasız olduğunu, bu ölkələrin Azərbaycanın problemsiz ölkəyə çevrilməsində maraqlı olmadıqlarını bildirib. “Əsgər ailəsi” Cəmiyyətinin rəhbəri Roza Əliqızı bu məsələdə medianın xüsusi rol oynaya biləcəyini vurğulayaraq bu tədbirlərin mediada işıqlandırılması zəruriliyini söyləyib.
Tədbirin digər iştirakçıları da çıxışlarında ATƏT-in Minsk qrupunu tənqid edərək onun buraxılmasının vacibliyini deyiblər. Sonra alyansın bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bəyanatda qeyd olunur ki, Minsk qrupuna həmsədrlik edən dövlətlər 20 il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz maraqlarını və işğalçı Ermənistanın əsassız iddialarını təmin etməklə məşğul olmuşlar. Ona görə də bu Minsk qrupunun buraxılmasını, hətta formatının cüzi şəkildə dəyişdirilməsinə də imkan vermirlər: “Azərbaycan və Türkiyənin fransanın həmsədrlikdən kənarlaşdırılmasına dair təkliflərinə də baxılmır. Biz Fransanın həmsədrlikdən çıxarılmasının nəyi isə dəyişəcəyinə inanmırıq, sadəcə açıq-aşkar ermənipərəst mövqedə dayanan Fransanın həmsədrlikdən getməsinə imkan verilməməsini başa düşmürük. Bu, Avropa Birliyinin, Dağlıq Qarabağ məsələsində vasitəçilik edən ABŞ və Rusiyanın işğalçı Ermənistanın tərəfində olduqlarını bir daha əyani şəkildə göstərir”. Minsk qrupunun 20 illik fəaliyyəti dövründə fəaliyyətinin nəticələrinə nəzər salınaraq bəyanatda həmsədrlərin beynəlxalq təşkilatların ötən əsrin 90-cı illərində qəbul etdikləri sənədləri tamamilə unutması da vurğulanıb. “Bütün bunlardan, 20 illik səmərəsiz fəaliyyətdən sonra Minsk qrupunun vasitəçilik missiyasını davam etdirməsinə heç bir ehtiyac yoxdur, Minsk qrupu buraxılmalı, Azərbaycan bu cür ədalətsiz vasitəçilik missiyasından imtina etməlidir”.
Pərviz SADIQOV



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar