12px14px16px18px

“Biz Azərbaycanı daha da güclü görmək istəyirik”

MAZHAR BİLGİN: “QARDAŞIMIZIN GÜCLÜ OLMASI TÜRK VƏ İSLAM DÜNYASININ GÜCLÜ OLMASI DEMƏKDİR”

01:56 / 19.04.2012
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dünən Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib. Bu barədə “525”ə Dini Komitənin mətbuat xidmətindən məlumat verilib.
Qonaqları səmimiyyətlə qarşılayan Dövlət Komitəsinin sədri iki qardaş dövlət arasında mövcud olan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, bu əlaqələrin sarsılmaz olduğunu bildirib. O, Milli Liderlərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün müdrik kəlamlarını – “Bir millət, iki dövlət” və “Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” xatırladaraq, bu qardaş xalqları min illər boyu bir-birinə bağlayan qırılmaz tellərin gün keçdikcə daha da möhkəmləndiyini deyib.
H.Orucov indiyədək Türkiyə ilə Azərbaycanın dünya siyasi arenasında çiyin-çiyinə addımladığını və hər zaman bir-birinin mənafeyini qoruduğunu diqqətə çatdıraraq, bu yolun davam etdirilməsinin vacib olduğunu qeyd edib: “Həqiqətən də “Bütün türk xalqları qardaşdırlar, ancaq azərbaycanlılarla Anadolu türkləri əkiz qardaşdırlar”. Məhz bunun nəticəsidir ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında din sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu sahədə təcrübə mübadiləsinin aparılması üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycanda son illər ərzində böyük quruculuq işləri həyata keçirilir. Ölkəmizdə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf vardır, əvvəlki illərlə müqayisədə, cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizə münasibət müsbət mənada xeyli dəyişib. Ancaq təəssüf ki, bəzən qardaş Türkiyə mediasında Azərbaycandakı dini durumla bağlı yalan məlumatlara, həqiqəti əks etdirməyən yazılara da rast gəlirik. Şübhəsiz, həmin böhtan xarakterli məqalələrin qardaş ölkənin mətbuatında yer alması bizi daha çox məyus edir. Çox istərdim ki, Azərbaycanda səfərdə olan, ölkəmizlə yaxından tanış olan ziyalı türk qardaşlarımız bu kimi hallarda Azərbaycan tərəfinin münasibətini gözləmədən Türkiyə ictimaiyyətinə həqiqəti çatdırsınlar, düşmən dəyirmanına su tökməklə məşğul olanları, müəyyən dairələrin maraqlarına xidmət edənləri ifşa etsinlər. Biz güclü olmaq üçün mütləq bir-birimizi qorumalıyıq”.
Azərbaycana ilk dəfədir səfər etdiyini söyləyən Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı M.Bilgin burada gördüklərindən məmnunluğunu dilə gətirib. O, xalqlar arasında mövcud olan bağlılığı zaman-zaman sarsıtmağa çalışan kiçik qrupların olduğunu, lakin onların Türkiyə ictimaiyyətinin fikirlərini ifadə etmədiklərini xüsusi vurğulayıb: “Türkiyədə mətbuat cəmiyyətin aparıcı qüvvəsi olsa da, bəzən demokratiyadan sui-istifadə hallarına yol verir, dedi-qodu yaradır, əsası olmayan məlumatlar yayır. Təbii ki, bunlar həm də vicdani məsələlərdir. Mətbuat verdiyi informasiyanın məsuliyyətini dərk etməlidir. Əks halda qeyd etdiyiniz problemlər ortaya çıxır. Türkiyədə Azərbaycanla bağlı yazılan böhtanlar, edilən çıxışlar bizi də sizin qədər narahat edir. Ancaq tam əmin ola bilərsiniz ki, iki-üç yazı, yaxud məqalə ilə nə Türkiyə dövlətinin, nə də türk xalqının Azərbaycana və ya onun xalqına münasibəti dəyişər”.
Azərbaycan ilə Türkiyə arasındakı dost və qardaş münasibətlərin kökündə milli-mənəvi dəyərlərimizin eyniliyinin dayandığını vurğulayan M.Bilgin ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlardan fərəhləndiyini ifadə edib: “Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da bütün sahələrdə dəstəyini davam etdirəcək. Biz Azərbaycanı daha da güclü görmək istəyirik, çünki qardaşımızın güclü olması, eyni zamanda türk və İslam dünyasının güclü olması deməkdir”.
Görüşdə daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Diyanət Vəqfi arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb.
Aqil LƏTİFOV







Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar