12px14px16px18px

“Bu, Rusiya ilə Qərb arasında fikir ayrılığı yaradıb”

MÜBARİZ ƏHMƏDOĞLU: “ŞİMAL QONŞUMUZ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AYDIN MÖVQE NÜMAYİŞ ETDİRİR”

01:56 / 19.04.2012
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti “Qarabağ saatı”nı keçirib. Politoloq Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı etimad tədbirlərinin mahiyyətinə aprel ayında aydınlıq gəldiyini bildirib. Onun sözlərinə görə, etimad tədbirlərində əsasən snayperlərin geri çəkilməsi və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulması qeyd olunur. M.Əhmədoğlunun fikrincə, məhz iki ölkə arasında dialoqun qurulması gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsinə şərait yaradacaq. O, xarici dövlətlərin və beynəlxalq təşkilatların da snayperlərin geri çəkilməsinə tərəfdar olduğunu qeyd edib: “ABŞ baş katibi Hillari Klinton da, Avropa İttifaqının komissarı Ştefan Füle də snayperlərin geri çəkilməsinin tərəfdarı olduqlarını bildiriblər. Lakin bu, münaqişənin real tənzimlənməsi üçün kifayət etməyəcək. Fikrimcə, snayperlərin çəkilməsi Ermənistanın imitasiya siyasətini davam etdirməsinə şərait yaradacaq. Ermənistan dövləti məhz 20 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində bir dənə də olsun real addım atmayıb. Onlar yalnız imitasiya ilə məşğuldurlar”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyi təqdirdə dünya tarixində yeni səhifə açılacaq. M.Əhmədoğlu Ermənistan rəhbərliyinin ölkənin düşdüyü indiki vəziyyəti ciddi düşünməsinin vacib olduğunu bildirib. Düşmən ölkənin ciddi təhlükə altında olduğunu söyləyən politoloq bunları qeyd edib: “Ermənistan dövlətçiliyinin təhlükə altında olduğunu hətta ölkə rəhbərliyi öz bəyanatlarında da səsləndirir. Keçirilən son sorğulardan biri göstərib ki, Ermənistan əhalisi üçün Dağlıq Qarabağ məsələsi öz vacibliyinə görə 5-ci yerdədir. Ermənistandakı vəziyyətin gələcəkdə necə olmasını isə bu yaxınlarda keçiriləcək parlament seçkiləri müəyyənləşdirəcək”.
Poiltoloq ATƏT-in Minsk Qrupu həmsədrlər barəsində danışaraq, onların mövqeyinin bir-birindən fərqləndiyini söyləyib. O, Rusiyanın mövqeyinin daha aydın olduğunu diqqətə çatdırıb: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi digər həmsədr ölkələrin mövqeyindən fərqlənir. Rusiya daha sağlam, aydın mövqe nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması Ermənistan rəhbərliyini düşündürməlidir. Çünki vaxt Ermənistanın ziyanına işləyir. Ermənistanın hansı vəziyyətdə olmasını adı çəkilən ölkədə keçirilən parlament seçkilərindən də aydın sezmək olar. Bu seçkilər bir növ həmin ölkənin taleyini həll edir. Ermənistan dövlətinin Qarabağ münaqişəsi kontekstindən istifadə edərək hansı siyasət apardığı belə məlum deyil. Bu ölkə sırf Rusiyanın maraqlarından çıxış edərək onun dedikləri ilə oturub durur. Ermənistanla Rusiya arasındakı hərbi layihələrin əsasları da məhz bundan ibarətdir. Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərin yanvarın 23-də Soçidə keçirilmiş görüşündə iki ölkə ictimaiyyətinin dialoqu əsas götürüldü. Sözügedən münaqişəsinin tənzimlənməsi Rusiya ilə Qərbin arasında fikir ayrılığı yaradıb. Danılmaz faktdır ki, Rusiya Qarabağ probleminin nizama salınmasında daha aydın fikir nümayiş etdirir”.
M.Əhmədoğluna görə, Qarabağ erməniləri ilə azərbaycanlılar arasında görüşün keçirilməsi etimad tədbirlərinin yaranmasına xidmət edərək, onlar arasında əməkdaşlığı daha da artıra bilər ki, bu da sonda Dağlıq Qarabağın statusunun həll edilməsinə səbəb olar.
AQİL



Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar