12px14px16px18px

“Şahdəniz-II” layihəsinə rəsmən start verildi

BU QƏRAR DÜNƏN AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVLƏ BP-nin BAKIDA İŞGÜZAR SƏFƏRDƏ OLAN BAŞ İCRAÇI DİREKTORU ROBERT DADLİ ARASINDA KEÇİRİLMİŞ GÖRÜŞ ZAMANI RƏSMƏN ELAN EDİLDİ

14:50 / 18.04.2012  
“Şahdəniz” konsorsiumu 25 mlrd. ABŞ dollar dəyəri olan “Şahdəniz-II” (“Şahdəniz” Mərhələ 2) layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə (İMLİ) başlaması qərarını təsdiq edib. Layihənin operatoru olan “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu qərar dünən Azərbaycan Prezidenti İlham Əliyevlə BP-nin Bakıda işgüzar səfərdə olan baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib. “Şahdəniz-II” layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq: “Bu gün elan edilmiş bu mühüm irəliləyişin əldə olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonunda başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir”. “Şahdəniz-II” layihəsi ildə 16 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq. Bu mərhələdə həmçinin “Şahdəniz” konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq. “Gözlənilir ki, Xəzər dənizində sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının Mərhələ-2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. “Şahdəniz” qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək”, – deyə “BP-Azerbaijan” şirkətindən bildirilib. Qeyd edək ki, 2011-ci ilin oktyabr ayında Türkiyənin “BOTAŞ” şirkəti və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb – bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri, Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans Anadolu Boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir ki, bunlar İtaliya marşrutu olan Trans Adriatik Boru kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq “Nabucco” və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru kəməri (SEEP). “Şahdəniz” konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək. Xatırladaq ki, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator – 25,5 faiz), “Statoil” (kommersiya operatoru – 25,5 faiz), ARDNŞ (10 faiz), “LUKoil” (10 faiz), NICO (10 faiz), “Total” (10 faiz) və TPAO (9 faiz) şirkətləridir.


Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar